Olimpiya obyektləri baxımsızlıqdan dağılır

Olimpiya obyektləri baxımsızlıqdan dağılır
2016-cı ildə Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunları üçün Braziliya hökuməti 9,77 milyard dollar xərcləyib. Olimpnews.az saytının məlumatına görə, məhz bu səbəbdən də Olimpiada öncəsi Braziliyada kütləvi etirazlar keçirilmişdi.

Rio Olimpiadasından sonra baxımsız vəziyyətdə qalan stadionlar dağılmaq üzrədir. Oyunların açılış və bağlanış mərasimlərinin keçirildiyi "Marakana” hazırda 1 milyon dollar məbləğində kommunal borcla üz-üzə qalıb. Dünyanın ən böyük stadionu turistlər üçün bağlıdır.

Qeyd edək ki, 2014-cü ildə futbol üzrə dünya çempionatı ərəfəsində "Marakana” stadionunda yenidənqurma işləri aparılıb. Bu işlər Braziliya hökumətinə 400 milyon dollara başa gəlib. Lakin hazırda bu arenada vəziyyət acınacaqlıdır. Stadionun oturacaqlarının xeyli hissəsi yerindən qoparılıb, kənarda quraşdırılan iri manitorlar oğurlanıb.

Yerli sakinlərin marağına səbəb olmayan qolf meydançası, su oyunları üçün nəzərdə tutulan stadion da baxımsız vəziyyətdədir. Olimpiya Oyunlarına ev sahibliyi edən bu arenalarda indi heç bir yarış keçirilmir. Braziliya hökuməti vəziyyəti düzəltmək üçün tədbirlər planı hazırlayır.