Rusiya ilə WADA barışır?

Rusiya ilə WADA barışır?
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Paralimpiya Komitəsi, Qış İdman Növləri Assosiasiyası və Ümumdünya Antidopinq Agentliyinin (WADA) iştirakı ilə tədbir keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbir Riçard Maklarenin rəhbərliyi altında fəaliyyət göstərən müstəqil komissiyanın hesabatına həsr olunub. Qeyd edək ki, bu komissiya rusiyalı idmançıların dopinq məsələsi ilə bağlı uzun müddət araşdırma aparıb. Tədbirdə çıxış edən BOK-un baş direktoru Kristof de Kopper bildirib ki, WADA rusiyalı idmançılarla bağlı irəli sürülən ittihamların əksəriyyətini əsassız sayır. Onun fikrincə, hesabatda rusiyalı idmançıların kütləvi şəkildə dopinq qəbul etməsini sübuta yetirən faktlar çox azdır.

Lozannada təşkil olunan bu tədbirə Rusiya Prezidenti Vladimir Putin də münasibət bildirib: "Müstəqil Komissiyanın araşdırmalarında müəyyən çatışmazlıqlar var. Bununla belə, biz onların rəylərini ciddi şəkildə nəzərə almalıyıq. Etiraf etməliyik ki, idmançılarımız dopinqdən yararlanıblar. Bu isə yolverilməzdir. Mən hesab edirəm ki, Rusiyada dopinq nəzarəti sistemi normal fəaliyyət göstərməyib. Tam əminəm ki, yenicə yaratdığımız istintaq komissiyası günahkarları üzə çıxaracaq”.

Məlumat üçün bildirək ki, müstəqil komissiya Vankuver-2010, London-2012 və Soçi-2014 Olimpiya Oyunlarında iştirak etmiş rusiyalı atletlərin dopinq analizlərinin yenidən yoxlanılmasını israrla tələb edirdi. Komissiyanın hesabatında göstərilirdi ki, Soçi-2014 Qış Olimpiya Oyunlarında rusiyalı atletlərdən götürülən dopinq analizləri kütləvi şəkildə dəyişdirilib.