“Dopinq-tamamilə məxfidir”

“Dopinq-tamamilə məxfidir”

Almaniyanın ARD televiziya kanalı buyaxınlarda dopinqlə bağlı yeni film nümayiş etdirib.

Olimpnews.az saytının məlumatına görə, "Dopinq-tamamilə məxfidir” adlanan yeni filmdə Olimpiya Oyunlarında idmançılardan götürülən dopinq analizlərinin yenidən yoxlanılmasından söhbət açılır.

Xatırladaq ki, ARD televiziya kanalı ilk belə filmi 2014-cü ilin dekabr ayında nümayiş etdirmişdi. Həmin filmin hazırlanmasına Rusiya Antidopinq Agentliyinin (RUSADA) keçmiş əməkdaşı Vitali Stepanov və onun həyat yoldaşı - yüngül atletika ilə məşğul olan Yuliya Stepanova kömək etmişdilər. Məhz bu filmdən sonra 2015-ci il noyabrın 9-da WADA Rusiyanın yüngül atletika üzrə yığma komandasını diskvalifikasiya etmişdi. Nəticədə bu komanda ötən il Rio-de Janeyroda keçirilən Olimpiya Oyunlarına buraxılmamışdı.

"Dopinq-tamamilə məxfidir” filmində Pekin-2008 Olimpiadasında iştirak etmiş yamaykalı atletlər barədə də məlumatlar yer alıb. Filmdə qeyd olunur ki, yamaykalı 3 sprinterin qan analizində klenbuterol adlı maddə aşkarlanıb. "Lakin bu fakt diqqətdən kənarda qaldı. Beynəlxalq Olimpiya Komitəsi bildirmişdi ki, qadağan olunmuş klenbuterol maddəsi yamaykalı atletlərin yediyi ət məhsulları vasitəsi ilə onların qanına düşüb. Lakin BOK-un bu cür izahatı bizi qane etmir”, - deyə filmin yaradıcısı Xayo Zeppelt bildirib.