Xəzərdən başlayan su səyahəti bölgələrdə davam edir

Xəzərdən başlayan su səyahəti bölgələrdə davam edir

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Astaradan sonra aprelin 11-də Şirvan şəhərində davam edib.

Olimpnews.az saytının məlumatına görə, əvvəlcə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsindən su götürülüb. Sərbəst güləş üzrə idman ustası, Əməkdar məşqçi İsmayıl Həşimov, taekvondo üzrə 2015-ci və 2017-ci illərdə Azərbaycan çempionatının bürünc mükafatçısı Arif Şükürov və Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi, şahmat həvəskarı Səma Əliyeva Bakı-2017-nin su qabını doldurub, Heydər Əliyev meydanında keçiriləcək festivala yola düşüblər.

Sonra Şirvan şəhər Olimpiya İdman Kompleksində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva, layihə rəhbəri Ülviyyə Əkbərova, oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Axşam saatlarında Şirvan şəhərindəki Heydər Əliyev meydanında su festivalı keçirilib.

Əvvəlcə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib.
Festivalda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Şirvan mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Şirvan şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.
Sonra su qabını daşıyan şirvanlı idmançılar alqış sədaları altında səhnəyə dəvət olunublar.

"Mirvari” rəqs qrupunun, Afaq Abbasova və Sabit Abdullayevin ifaları mərasim iştirakçılarına xoş ovqat bəxş edib.
Su festivalı möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

*    *    *

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvandan sonra növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olub.

Əvvəlcə Kür və Araz çaylarının qovuşduğu məkandan - Suqovuşan hövzəsindən su götürülüb. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev Bakı-2017-nin misdən hazırlanmış qabını su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər.

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil olan "Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, layihənin rəhbəri Ülviyyə Ələkbərova, Oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin idman həyatında mühüm hadisə olduğunu qeyd edib, gənc idmançılara qələbə sevinci arzulayıblar.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə 3 və 6-cı sinif şagirdləri arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Axşam saatlarında isə Sabirabad şəhərindəki Heydər Əliyev parkında su festivalı keçirilib.


*    *    *

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı aprelin 15-də Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı - Ağcabədi olub.

Su səyahətinə Ağcabədi rayonunda Ağgöl Milli Parkından start verilib. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Göl UNESCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli məkan kimi qorunur.

Karate üzrə 2-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Eldəniz Qəmbərov, karate üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı Adəm Məmmədov və Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Fatimə Şirinova Ağgöl Milli Parkında Bakı-2017-in misdən hazırlanmış səhəngini su ilə doldurub şəhərdəki Heydər Əliyev Meydanında keçiriləcək "Su festivalı”na yola düşüblər.

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin idman zalında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara uğurlar arzulayıblar.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

"Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında axşam saatlarında "Su festivalı” keçiriləcək, konsert proqramı təqdim olunub.