Azərbaycan və Ukraynanın Milli Olimpiya Komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Ukraynanın Milli Olimpiya Komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb



Mayın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan və Ukraynanın Milli Olimpiya komitələri arasında əməkdaşıq haqqında memorandum imzalanıb. 

"Olimpnews.az" xəbər verir ki, tədbirdə Olimpiya çempionu, 6 qat dünya, Avropa çempionu, Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assoasiyasının (İAAF) vitse-prezidenti, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka, Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Olimpiya çempionları, MOK-un üzvləri iştirak ediblər. 

Sənədi Azərbaycan tərəfdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ukrayna tərəfdən MOK-un prezidenti Sergey Bubka imzalayıblar. Sənəddə 2017-2021-ci illər üzrə idmanın hər iki tərəf üçün maraq doğuran sahələrinin inkişafı strategiyası əksini tapıb.
Çingiz Hüseynzadə imzalanma mərasimində deyib: "25 ildir ki, Azərbaycan və Ukrayna MOK-u arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Biz problemlərimizi birgə həll etməyə çalışırıq. Ukraynalı atletlər ölkəmizin adından çıxış etmək istəyən zaman Ukrayna MOK-u həmişə bizə güzəştə gedib. Beynəlxalq Olimpiya Komitəsində, beynəlxalq federasiyalarla, eləcə də İAAF-la qarşılıqlı əməkdaşlıq mövcuddur", - vitse-prezident vurğulayıb.
MOK-un vitse-prezidenti güləş yarışlarında Azərbaycanın idman şərəfini qoruyan ukraynalı Mariya Stadnikin bugünlərdə 6 qat Avropa çempionu titulunu qazandığını diqqətə çatdırıb.
Sergey Bubka ölkələrin Olimpiya komitələri arasındakı əlaqələrin yaxın və dostcasına olduğunu qeyd edib: "Bakıda olduğumuzdan çox məmnunuq. Əməkdaşlığımızı davam etdirdiyimiz üçün şərəf duyuram. Ölkələrimiz, eləcə də prezidentlərimiz arasında səmimi və dostluq münasibətləri mövcuddur". 
Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycan idmançıları və idman ilə təcrübə mübadiləsi aparmağa hazırdır və eyni münasibəti Azərbaycan tərəfdən də görür.
S.Bubka Azərbaycanda keçirilən I Avropa Oyunlarını yüksək qiymətləndirib. "Bu unikal hadisə, fantastik uğurdur", - Ukrayna MOK-un prezidenti bildirib.
"İslam Həmrəyliyi Oyunları ərəfəsində sənəd imzalamağımız Avropa Oyunlarından sonra mühüm addımlar atıldığını və ölkədə olimpiya hərəkatının inkişafını göstərir. Hesab edirəm ki, əməkdaşlığımız yalnız möhkəmlənəcək", - S.Bubka əlavə edib.
İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılıb.