“Zəfər günləri” tədbiri davam edir

“Zəfər günləri” tədbiri davam edir




Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

Mayın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi "Zəfər günləri” çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir atletlərimizin qələbələrini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İslamiadanın digər günləri kimi, ötən gün – mayın 20-si də atletlərimiz üçün uğurlu olub. Yığmamız mayın 20-də aktivinə 10 medal (3 qızıl, 4 gümüş, 3 bürünc) yazdırıb. İdmançılarımız sərbəst güləş, suyatullanma və zorxana idman növləri üzrə uğurla çıxış edərək Azərbaycana qələbə sevinci yaşadıblar. Yığmamız ümumi komanda hesabında yenə birinci yerdədir. Ç.Hüseynzadə atletlərimizi qələbə münasibətilə təbrik edərək Azərbaycan xalqının ümidlərini doğrultduqlarına, idmansevərlərə qələbə sevinci yaşatdıqlarına görə onlara təşəkkürünü bildirib. O, idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini vurğulayıb. "Bağlanışa bir gün qalıb. İndidən demək olar ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları uğurla yekunlaşmaq üzrədir. Xarici idman mütəxəssisləri də Bakı-2017 yarışlarının indiyədək keçirilən İslam Həmrəyliyi Oyunları tarixində mükəmməl olduğunu bildirirlər”, - deyə MOK-un vitse-prezidenti əlavə edib.

Daha sonra zəfər lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.
MOK-un mayın 14-dən start verdiyi "Zəfər günləri” layihəsi ayın 23-dək davam edəcək.