23 iyun - Beynəlxalq Olimpiya Günüdür

23 iyun - Beynəlxalq Olimpiya Günüdür



Hər il iyunun 23-də bütün dünya ictimaiyyəti Beynəlxalq Olimpiya Gününü qeyd edir. 
Bu tarixdə hər bir ölkənin Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Qaçış Günü tədbirini əyata keçirir. Olimpiya Qaçış Gününün üstünlüyü onun yalnız idman hadisəsi olmasında deyil, həm də fəal həyat tərzini, Olimpiya dəyərlərini təbliğ etməsindədir. Olimpiya Qaçış Günü özündə 3 əsas müddəanı -"hərəkət etmək, öyrənmək və kəşf etmək" birləşdirir. Bu səbəbdən Milli Olimpiya Komitələri idman, mədəni və maarifləndirici istiqamətlərdə fəaliyyət göstərir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Beynəlxalq Olimpiya Qaçış Günü münasibətilə bütün Milli Olimpiya Komitələrinə, həmçinin Azərbaycan MOK-un ünvanına məktub göndərib.

Məktubda deyilir: "Hər il Olimpiya Gününün qeyd edilməsi bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və olimpizm dəyərləri ətrafında birləşməyə imkan verir. Olimpiya günü ilk dəfə müasir Olimpiya Hərəkatının yaradılması şərəfinə 1948-ci ildə qeyd olunub. Bizim daim inkişafda olan cəmiyyətimizdə, Olimpiya günü idmanı, sağlam və fəal həyat tərzini təbliğ etmək və stimullaşdırmaq üçün gözəl vasitədir.

Olimpiya Gününun dünyada təşviq etdiyiniz üçün bütün Milli Olimpiya Komitələrinə təşəkkürümüzü bildirirəm. Təşkil etdiyiniz bir çox tədbirlər vasitəsilə, siz yaş, gender və ya qabiliyyətindən asılı olmayaraq insanları fəal olmağa cağırır, idman və onun dəyərlərini daşıyırsınız və bu Olimpiya dəyərləri ilə insanları ruhlandırırsınız. İlboyu dünyanın hər yerində Olimpiya Günü ruhunu qoruduğunuza görə və insanlara idman sevincini gətirdiyiniz üçün təşəkkür edirəm.”

Məlumat üçün bildirək ki, Olimpiya günü ilk dəfə 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində – Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub.
Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir. Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edilir. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.