Braziliya MOK-nun fəaliyyəti dayandırılıb

Braziliya MOK-nun fəaliyyəti dayandırılıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Braziliya Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Olimpnews.az saytının məlumatına görə, bu barədə BOK-un rəsmi saytında xəbər verilir.

Bu məsələ ilə bağlı qərar Braziliya MOK-nun sədri və Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Karlos Artur Nuzmanın həbsindən sonra verilib. Həmin şəxsin adı korrupsiya qalmaqalında hallanır.

Braziliya hökumətinin federal prokurorluğu 2016-cı ildə keçirilən yay Olimpiya Oyunlarına ev sahibliyi məsələsində məmurlara verilən rüşvətin 2 milyon dollar məbləğində olduğunu açıqlayıb.

Bu ilin sentyabr ayında Rio-de-Janeyro polisi MOK-un sədri və Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Karlos Artur Nuzmanın evində axtarış aparıb. Axtarış zamanı onun evindən dəyəri 678 min dollar olan qızıl külçələr tapılıb. İstintaq orqanları həmin şəxsi Rio-de-Janeyro şəhərinin ev sahibi seçilməsi ilə bağlı rüşvət verməkdə günahlandırır. Karlos Artur Nuzmanla birlikdə Braziliya MOK-nun keçmiş direktoru Leonardo Qriner də həbs olunub. Həmin şəxslərin həbsindən və dindirilmələrdən sonra istintaq orqanları onların səlahiyyətli şəxslərə 500 min dollar rüşvət verməsini təsdiqləyib.