Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax "İdman vasitəsilə sülhün təbliği” mükafatına layiq görülüb. BOK-un rəsmi saytı məlumatında bildirilir ki, siyasət, iqtisadiyyat, mədəniyyət və idman aləmindən ən nüfuzlu şəxslər bu mükafata layiq görülürlər. BMT-nin sabiq baş katibi Pan Gi Mun Tomas Baxı bütün planetdə idman vasitəsilə sülh naminə tanınmış təbliğatçı adlandırıb. O deyib: "Bu ilin aprelində KXDR və Cənubi Koreya liderlərinin Koreya yarımadasında dinc gələcək naminə dialoqa başlamaq üçün masa arxasına oturmaları heç də təsadüfi deyildi. Bu danışıqlar həm də onunla əlamətdardır ki, məhz idmanın gücü Koreya yarımadasında dinc gələcək üçün unikal imkanlar pəncərəsi açıb. Məhz Tomas Bax iki Koreyanın 2018-ci ilin Qış Olimpiya Oyunlarında birgə iştirakına şərait yaradıb”.
Xatırladaq ki, Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Olimpiada zamanı KXDR və Cənubi Koreya yığmalarından ibarət vahid komanda xokkey üzrə qadınların turnirində iştirak etmişdi.