Gənclər və İdman Nazirliyinin tövsiyyəsi ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin ərzaq yardımı etdiyi yerli veteran idmançıların adları məlum olub. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Gəncə şəhərinin deputatı Müşfiq Cəfərovun verdiyi məlumata görə, qərar ümumilikdə 10 ailəyə şamil olunub. M.Cəfərov bildirib ki, bunların 9-u idman veteranı, biri isə aztəminatlı ailədir: "Gənclər və İdman Nazirliyi müxtəlif bölgələrdə bu təşəbbüslə çıxış edib. Veteran idmançılarımıza diqqət göstərilməlidir. Bakıdan sonra Gəncədə bu təşəbbüsü həyata keçiriblər. Həqiqətən çətin durumda olan veteranların ümumi siyahısı hazırlanıb. Onlar aztəminatlı ailə siyahısındadırlar". Millət vəkilinin sözlərinə görə, bu yardım vaxtı ilə Azərbaycan idmanında fəaliyyəti və nailiyyəti olanlar üçün nəzərdə tutulub: "Gəncədə iki məktəb fəaliyyət göstərir. Onların nəzarətində olan veteran idmançılardır. Lazım olanda həmin məktəblər də dəstək verirlər".
Veteran idmançılara yardım edilib