Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi keçirilib. 36 ölkədən 328 (193 kişi, 135 qadın) idmançının iştirak etdiyi mötəbər birincilikdə Azərbaycan millisi 12 (9 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunub. Cüdoçularımız Avropa çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Mötəbər yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.
Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. Turan 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kq çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçumuz bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.
Çempionatın son günündə də Azərbaycan millisi aktivinə bir medal yazdırıb. Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib. Beləliklə, Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb.