2021-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ümumilikdə 1,644 trilyon yen (təqribən 15,4 milyard dollar) sərf ediləcək. Bu barədə “Nikkei” qəzeti yarışların təşkilat komitəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, yarışların təşkili üçün vəsaitin əsas hissəsini (721 milyard yen - təqribən 6,9 milyard dollar) Tokio-2020-nin Təşkilat Komitəsi öz üzərinə götürəcək. Qalan məbləğin bir hissəsini Tokio administrasiyası (702 milyard yen - təxminən 6,4 milyard dolar) və Yaponiya hökuməti (221 milyard yen - təqribən 2,1 milyard dollar) ödəyəcək. Bununla yanaşı, yarışların 2020-ci ildən 2021-ci ilə keçirilməsi ilə əlaqədar xərclərin 294 milyard yen (təqribən 2,8 milyard dollar) təşkil edəcəyi bildirilir. Bundan əlavə, oyunlar zamanı koronavirusa qarşı tədbirlərin görülməsinə 96 milyard yen (təxminən 929 milyon dollar) sərf olunacaq.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı dəyişib və 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkili planlaşdırılır.