“Vətən müharibəsi iştirakçılarının tanıdılması silsiləsi” adlı onlayn görüş olub

“Vətən müharibəsi iştirakçılarının tanıdılması silsiləsi” adlı onlayn görüş olub

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı və gənclərin iştirakı ilə “Vətən müharibəsi iştirakçılarının tanıdılması silsiləsi” adlı layihə çərçivəsində onlayn tədbir təşkil olunub. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə tədbirin qonaqları İkinci Qarabağ Müharibəsinin qazisi Sərxan Yolçuyev, Ruzigar Abdullayev və kapitan Vüsal Qazıyev olublar. Görüş Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Gənclər Evinin əməkdaşları, könüllülər və fəal gənclərin iştirakı ilə onlayn qaydada təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov görüşün əhəmiyyətini və davamlı baş tutacağını qeyd edib. O, çıxışı zamanı Vətən müharibəsi iştirakçılarının tanıdılması məsələlərinin aktuallığını vurğulayıb.
Sonra torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edən, qəhrəmancasına həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə gənclərin vətənpərvər ruhda yetişdirilməsi mövzusunun vacibliyini bildirib.
Vətən Müharibəsində könüllü olaraq iştirak edən qazimiz Sərxan Yolçuyev Azərbaycanın əsgərinin müharibədə döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan, torpaqlarımızı azad edəcəyimizə hər an inandığını qeyd edib.
Bildirək ki, Vətən müharibəsinin qəhrəmanlarından biri olan Sərxan Yolçuyev Murovdağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
Daha sonra Vətən Müharibəsinin iştirakçısı Ruzigar Abdullayev torpaq sevgisi ilə qəlbləri çırpınan və canından keçən döyüşçülərimizin igidliyindən və döyüş xatirələrindən danışıb.
Vətən Müharibəsində Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad olunmasında bölük komandirinin müavini vəzifəsində iştirak edən Vüsal Qazıyev müharibə xatirələrindən danışaraq, şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağını qeyd edib.
Qeyd edək ki, görüşdə 40 nəfərdən artıq gənc iştirak edib.