Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya oyunlarına qatılacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb. İlk peyvənd Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub. Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub. MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. “Hazırda təlim-məşq toplantılarında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio-2020 Yay Olimpiya Oyunlarının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq”, - deyə vitse-prezident bildirib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, atletlər kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayana qədər vaksinasiya olunacaq.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Nəticədə, Tokioda Olimpya oyunlarının 23 iyul-8 avqust, Paralimpiya oyunlarının isə 24 avqust-5 sentyabr tarixlərində keçirilməsi planlaşdrılıb.
Tokio Olimpiadasına yollanacaq idmançıların peyvəndləmə prosesinə başlanılıb