Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman idmana və Olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Tokio Olimpiadasında ölkəmizi təmsil edəcək 9 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.
Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçularımızın ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempionatı, "Böyük dəbilqə", Qran-Pri turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıblar. Məşqçilər ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib. Mütəxəssis cüdoçularımızın olimpiadada layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb. Millinin kapitanı Nicat Şıxəlizadə, Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçumuz Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov və baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında 9 cüdoçu - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90kq), Zelim Kotsoyev (100kq), Kokauri Uşangi (100+kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək. Cüdoçularımız Tokioya iyulun 14-ü və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
Federasiya prezidenti Tokio Olimpiadasında iştirak edəcək idmançılarla görüşüb