Reykyavikdə kişilər arasında keçirilən şahmat üzrə Avropa çempionatı davam edir. Artıq yarışda yeddinci turunun oyunları başa çatıb. Azərbaycan təmsilçisi Rauf Məmmədov yeddinci turda polşalı Kacper Piorun ilə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşən şahmatçımız liderliyini davam etdirir.
Digər təmsilçilərimizdən Nicat Məmmədov fransalı Maksim Laqardı məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 3-9-cu yerləri bölüşür. Yeddinci turu daha bir şahmatçımız - Read Səmədov qələbə ilə başa vurub. Belə ki, o, isveçrəli Nikolas Kuenqi məğlub edib. Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta ilə heç-heçə ediblər.
Ötən turların nəticəsinə görə, N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.