Qadınlar və kişilər arasında keçirilən voleybol üzrə Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub. Fevralın 17-də kişilər arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə başlayacaq. Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq yeddinci turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək. Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci dövrənin nəticələrinə əsəsən, ilk 3 pillədə müvafiq olaraq “Murov”, “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Eyni - hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress”, sonuncu yeri isə “Sərhədçi” komandası tutur. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında isə ikinci dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. Səkkiz xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
“Abşeron” uğurlu seriyanı davam edə biləcək