Martın 4-də Pekində XIII Qış Paralimpiya Oyunlarına start veriləcək. Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarında 48 ölkəni təmsil edən idmançılar mübarizə aparacaq. Paralimpiyaçılar idmanın altı növündə 78 dəst medal uğrunda yarışacaqlar. 24-cü Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların və Olimpiya kəndlərinin Paralimpiya Oyunlarında istifadəsi üçün hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir.
Qış Olimpiya Oyunlarında olduğu kimi, Qış Paralimpiya Oyunlarının da açılış mərasimi Pekindəki məşhur “Quş yuvası” stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Paralimpiya tarixində ilk dəfə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Oyunlarda milli paralimpiya komandamızı kross-kantri növünün sprint kateqoriyasında Mehman Ramazanzadə təmsil edəcək. İdmançımız paralimpiadada martın 9-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 13-dək davam edəcək.
Pekin-2022 Qış Paralimpiya Oyunlarının başlamasına 3 gün qalır