Gəncədə 5 mart-Bədən Tərbiyəsi və İdman Günü təntənəli qeyd olunub

Gəncədə 5 mart-Bədən Tərbiyəsi və İdman Günü təntənəli qeyd olunub

Gəncə Şəhər Heydər Əliyev Mərkəzində 5 mart-Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.  Tədbirdə  əvvəlcə rəsmilərin və idmançıların iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb.  
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından bütün idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.
Sonra tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bütün idman ictimaiyyətini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov isə indamçıları təbrik edib və 2021-ci il ərzində Baş İdarənin idman sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış edib. O, il ərzində Baş İdarə tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verərək idmançıları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara müvəffəqqiyyətlər arzulayıb. Sonra Baş İdarə tərəfindən hazırlanmış şəhərin idman ictimaiyyətinin nümayəndələrinin və mütəxəssislərinin təbrik videoçarxı tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin gedişatında idman ictimaiyyəti adından əməkdar məşqçi, Prezident təqaüdçüsü, Şöhrət ordenli Elçin Zeynalov və Əməkdar məşqçi-müəllim Albert Qəribov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər və əvvəlki illərdə olduğu kimi idmançıların növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını qeyd ediblər.
Tədbirdə Bədən Tərbiyəsi və İdmanın inkişaf etdirilməsində göstərdiyi fəaliyyətinə görə, “5 mart Bədən Tərbiyəsi və İdman  günü” münasibətilə idmançılar və məşqçilər təşəkkürnamələr və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.