Azərbaycanın güləş yığmaları nüfuzlu yarışlara Bakıda və Ankarada hazırlaşır

Azərbaycanın güləş yığmaları nüfuzlu yarışlara Bakıda və Ankarada hazırlaşır

Güləş üzrə böyüklərdən ibarət Azərbaycan millis komandaları növbəti təlim-məşq toplanışına start verib.

Federasiyadan OlimpNews.az-a verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə yığmalar mayın 8-dən hazırlığı bərpa edib.

Sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşq keçir. Olimpiya Güləş Mərkəzində təşkil olunan toplanışda İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edir. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Yunan-Roma güləşçiləri isə ölkə xaricinə yollanıb. Komanda mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.