Rusiyanın paytaxtı Moskvada peşəkar pankrationçular arasında beynəlxalq turnirdə iki kütləvi dava başa verib.
Olimpnews-un məlumatına görə, İslam İsayev və Radmir Xayrullin arasındakı qarşılaşmada yaşanan münaqişə zamanı döşək üzərinə bir neçə azarkeş də girib. Nəticədə onlar və idmançıların iştirakı ilə toqquşma olub.
Rusiya Pankration Federasiyasının prezidenti Konstantin Klimov davada iştirak etmiş idmançı İslam İsayevin diskvalifikasiya olunduğunu açıqlayıb. O, İsayevin 3-cü yer uğrunda görüşə buraxılmayacağını bildirib. Döyüşçünün cəzasının daha da uzadılacağı gözlənilir.
Klimovun sözlərinə görə, Tver vilayətini təmsil edən idmançı başqırdıstanlı rəqibi ilə görüşdə qaydaları pozub. Bundan sonra azarkeşlər dəmir hasarın üstündən döşəyə tullanıblar. Münaqişə yalnız hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra aradan qaldırılıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.