Azərbaycanın daha 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.
Olimpnews.az-un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı Lin Kovaçiçlə üz-üzə gələcək.
80 kq-dakı Taleh Süleymanov eyni raundda RTA komandasından əslən əfqan olan Fərzad Mansuri ilə görüşəcək.
Qadın taekvondoçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı Mixal Zrihenlə, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli Mervenur Evci ilə qarşılaşacaq.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı Luis Najera olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.
Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Çempionat mayın 22-də başa çatacaq.