Azərbaycanın qadın güləşçisi Birgül Soltanova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.
"Olimpnews"un məlumatına görə, 62 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda fransalı İris Tiebuksaya 10:0, növbəti raundda isə litvalı İneta Dantayteyə 11:0 hesabı ilə qalib gəlib. O, finala gedən yolda Ukrayna təmsilçisi İrina Bondarla qarşılaşacaq.
53 kq-da yarışan Gültəkin Şirinova isə startda finlandiyalı Roberta Luostarineni 12:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda ukraynalı Nataliya Klivçutskayaya uduzub. Rəqibi finala adlayacağı halda, Şirinova təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, bu gün həmçinin 55 kq-da Elnurə Məmmədova final görüşünə çıxacaq. Onun rəqibi türkiyəli Tuba Demir olacaq. 50 kq-da yer alan Əsmər Canqurtaran isə bürünc medal uğrunda qarşılaşmada isveçrəli Svenya Cunqonu sınağa çəkəcək.