Qəbələdə Zəfər Gününə həsr olunmuş gənclərdən ibarət komandalar arasında “Zəfər kuboku” uğrunda voleybol üzrə rayon turniri başa çatıb. Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil sektorunun dəstəyi ilə keçirilən turnir Vətən müharibəsində canlarından keçərək xalqımıza Qələbə sevinci bəxş etmiş şəhidlərin xatirəsini əbədiləşdirmək, həmçinin voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaq məqsədi daşıyıb.
Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman zalında keçirilən turnirin açılış mərasiminin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, idmançıları qarşıdan gələn əlamətdar tarixi gün – Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, komandalara uğurlar arzulayıb.
“Zəfər kuboku” uğrunda turnirin yekun nəticələrinə əsasən, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. Sonrakı yerləri şəhər 5 saylı və Zarağan kənd 2 saylı tam orta məktəblərin komandaları tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomlar təqdim olunub.
Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirilib