Ağdaşda rayon gənclər və idman idarəsinin və Aran Regional Təhsil idarəsinin Ağdaş təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr edilən qızlardan ibarət voleybol komandaları arasında “Zəfər kuboku” uğrunda rayon birinciliyi keçirilib. Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbin idman zalında keçirilən rayon birinciliyində 8 şəhər və kənd tam orta məktəbin komandası iştirak edib. Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman idarəsinin rəisi Azad Gözəlov və təhsil sektorunun müdiri Leyla Bayramova gənc idmançıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, komandalara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən rayon birincliyində I yerə şəhər 3 saylı tam orta məktəbin komandası çıxıb. ikinci və üçüncü yerləri isə müvafiq olaraq Qolqəti kənd tam orta məktəbin, şəhər Nizami adına 2 saylı tam orta məktəbin komandaları qazanıblar.
Sonda qalib komandalar gənclər və idman idarəsinin diplom, medal və kubokları ilə mükafatlandırılıblar.