Zəfər və qələbələrlə zəngin olan 30 il

Zəfər və qələbələrlə zəngin olan 30 il

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi 30 illik yubileyi təntənəli surətdə qeyd olunacaq. 1992-ci il yanvarın 14-də təsis olunan, həmin ilin noyabrın 2-də Avropa Olimpiya Komitəsinə (AOK), 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzv qəbul olan bu qurumun fəaliyyəti idman salnaməmizə qızıl hərflərlə yazılıb.

Müasir Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının tarixi ilə müqayisədə, 30 il elə də böyük müddət deyil. Azərbaycan Milli Olimpiya Komitəsinin tarixi 1992-ci ildən hesablanır. Ölkəmiz müstəqil dövlət kimi Olimpiya Oyunlarında 1996-cı ildən etibarən iştirak etməyə başlayıb.

Amma bu müddət ərzində Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında dövlətimizin idman şərəfini qoruyub, onun şan-şöhrətini yüksəklərə qaldırıblar. Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə böyük nüfuz qazanıb, öz fəaliyyəti və əldə etdiyi nəticələrlə daim diqqət mərkəzində olub.

Milli Olimpiya Komitəsi beynəlxalq və qitə Olimpiya təşkilatlarında respublikamızı təmsil edir, idmançılarımızın Olimpiya Oyunlarında iştirakı kimi məsuliyyətli bir işin öhdəsindən ləyaqətlə gəlir. İndi idmançıların Olimpiya Oyunlarındakı nəticələri, Olimpiya Hərəkatındakı fəal iştirakı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur. Bu göstərici dövlətimizin dünya birliyində yeri, mədəni və iqtisadi inkişafının yüksək səviyyəsi kimi qiymətləndirilir. Yəni, idman sadəcə, idman yarışlarında əldə edilən qələbələr deyildir.

MOK-un rəsmi mətbuat orqanı olaraq "Olimpiya dünyası” qəzeti bu sayını bütünlüklə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr edərək, xüsusi buraxılış hazırlayıb.

 

İdmanın inkişafı ölkələrin ümumi inkişafının göstəricisidir

 

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə əksər sahələr kimi, idman sahəsi də başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Onlardan təyinatı üzrə istifadə edilmirdi, idman avadanlığı və ləvazimatları demək olar ki, dağıdılmışdı. Yüksək idman ustalığına malik perspektivli idmançılar, bacarıqlı mütəxəssislər, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. Bir sözlə, idman bütövlükdə dövlət qayğısından kənarda qalmışdı.

1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında Milli Olimpiya Komitəsinin yaradılması barədə qərar qəbul edildi. Həmin ilin mart ayında isə komitə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmamışdı. Ona görə də ölkəmizin yalnız 4 idmançısı o dövrdə yaradılmış MDB-nin yığma komandasının tərkibində Barselonada təşkil olunan Yay Olimpiadasında iştirak etdi.

1993-cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi Monakoda keçirilən Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Təəssüf ki, Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı ilk dövrdə işini lazımi səviyyədə qura bilməmişdi. Bu vəziyyət ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər davam etmişdi.

Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik siyasətçi dövlət müstəqilliyinin bərpasından bir il sonra Milli Olimpiya Komitəsinin yaradılması münasibətilə demişdi: "Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılması Azərbaycanın müstəqilliyinin atributlarından biri, ölkənin suverenliyi ilə sıx bağlıdır". Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra idmana münasibət köklü şəkildə dəyişdi. Dağıdılmış idman qurğuları əsaslı şəkildə bərpa olundu, yeni idman qurğuları yaradıldı. Ölkədən gedən idman mütəxəssisləri, məşqçilər və idmançılar vətənə qayıtdılar. Azərbaycanın beynəlxalq idman təşkilatları ilə əlaqələri genişləndirildi. 1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə dövlət başçısı qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar.

Heydər Əliyev eyni zamanda Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinin də təşəbbüskarı olmuşdur. 1994-cü ilin aprelində ölkə başçısı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etmişdir. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu görüşdən üç ay sonra Prezidentin Fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı.

Ölkədə idmanla bağlı beynəlxalq əlaqələrə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev 1995-ci il dekabrın 23-də Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 1998-ci ilin avqustunda Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və baş katibi Mario Peskanteni qəbul etdi.

Heydər Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də 1995-ci il martın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə Azərbaycan Prezidenti yanında İdman Fondunun yaradılması oldu. Olimpiya Hərəkatında, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı Atlanta-1996 Olimpiadasına hazırlıqla bağlı xüsusi Sərəncam verdi. 1995-ci ilin martında idmançıların təltif edilməsi haqqında Fərman imzaladı.

Azərbaycan Respublikasının Prezidenti 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə demişdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir". Ümummilli lider beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzində saxlayır, idmanın inkişafına cavabdeh olan şəxslərdən bu sahəyə məsuliyyətlə yanaşmağı tələb edirdi.

Ümummilli lider Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının bütün dünyada nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim vurğulamışdı: "Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun". Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi təlqin etmiş, idmançının Olimpiya Oyunlarında iştirak etməsi faktının böyük nailiyyət olduğunu qeyd etmişdir. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarına yola düşən nümayəndə heyəti ilə görüşündə ümummilli lider demişdir: "Bu, sadəcə, bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən, təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilər. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir".

Azərbaycan 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olundu. Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal oldu. Beləliklə, komandamız medal alan 197 ölkə arasında 61-ci yeri tutdu. Ümummilli liderimiz güləşçi Namiq Abdullayevin gümüş medalını qızıl medal kimi dəyərləndirdi.

Heydər Əliyev həmin illərdə gənclərlə görüşlərinin birində demişdir: "Azərbaycan Prezidenti kimi mən şəxsən söz vermişəm ki və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz". Ümummilli liderin Olimpiya Hərəkatının, idmanın, bədən tərbiyəsinin və gənclərin fiziki inkişafı yolunda atdığı addımlar, həyata keçirdiyi təbliğat xarakterli işlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Yeni dövr, yeni davamlı uğurlar

 

Azərbaycanda idman və Olimpiya Hərəkatının yeni dövrü 1997-ci ildən başlanır. Həmin ilin iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Həmin dövrdən etibarən ölkədə idman və Olimpiya Hərəkatı böyük sürətlə inkişaf etməyə başladı. Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatlar həyata keçirdi. Qısa müddət ərzində milli federasiyalarda dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. MOK-un tabeliyində olan idman bazaları əsaslı təmir olundu. İdmançıların məişət məsələləri ilə bağlı problemlər, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər tez bir zamanda öz həllini tapdı. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra idmançıların sosial vəziyyətinə də diqqət artırıldı. Gələcəyinə böyük inam olan idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiq olundu. 1998-ci ilin yanvarından etibarən Əsasnaməyə uyğun olaraq idmançılar və onların məşqçiləri təqaüd almağa başladılar. 1999-cu ildə Milli Olimpiya Komitəsi təqaüdlərin yeni növünü müəyyənləşdirdi. Belə ki, Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hər biri lisenziya aldıqları tarixdən Olimpiya Oyunlarının keçiriləcəyi tarixə qədər hər ay təqaüdlə təmin olunurlar.

Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən beynəlxalq əlaqələrin inkişafına da xüsusi diqqət yetirdi. 1997-ci ilin noyabrında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (AOK) Stokholmda keçirilən XXVI Assambleyasında iştirak etdi. 48 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə müzakirə olunan əsas məsələ AOK-un yeni üzvlərinin seçilməsi idi. AOK prezidenti Jak Roqq Azərbaycan nümayəndə heyətini qəbul etdi. Stokholm görüşü Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin təməlini qoymuş oldu. 30 ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsi (BOK) və AOK rəhbərləri, ayrı-ayrı milli Olimpiya komitələrinin prezidentləri ilə keçirdiyi görüşlər Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə nüfuzunun artmasında müstəsna rol oynadı. Qısa bir müddətdə beynəlxalq Olimpiya təşkilatlarının komissiya və işçi qruplarına Azərbaycan təmsilçilərinin daxil edilməsi Milli Olimpiya Komitəsinin nüfuzunun artmasının göstəricisi idi. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri yüksək səviyyədədir. Demək olar ki, bütün beynəlxalq federasiyaların rəhbərləri, onların nümayəndə heyətləri Azərbaycanda işgüzar səfərdə olublar. Bu qurumların müxtəlif səviyyəli tədbirləri Bakıda keçirilib. Hələ 2001-ci ildə ölkəmizdə ilk dəfə olaraq Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin toplantısı təşkil olunub. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının iclası, Avropa ölkələrinin idman nazirlərinin iclası, Avropa Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası və 15-ci Konqresi Bakıda keçirilib.

Milli Olimpiya Komitəsinin həyata keçirdiyi işləri yüksək səviyyədə qiymətləndirən BOK-un keçmiş prezidenti Jak Roqq çıxışlarının birində demişdir: "Azərbaycanda idman sahəsində və Olimpiya Hərəkatında iş elə təşkil edilmişdir ki, başqa ölkələr bundan nümunə götürməlidirlər". Təbii ki, bu, Azərbaycan Milli Olimpiya Komitəsinin işinə verilən yüksək qiymət idi. Milli Olimpiya Komitəsi 1998-ci ildən başlayaraq idmançıların yarışlarda iştirakını təmin edilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, respublikada beynəlxalq yarışların təşkili kimi məsələlərə xüsusi diqqət ayırmağa başladı. Həmçinin Olimpiya Hərəkatının, Olimpiya ideallarının öyrənilməsi və təbliği istiqamətində ardıcıl işlər həyata keçirildi.

Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildə seçilmiş yeni heyəti ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədi ilə mövcud maddi-texniki bazanın vəziyyətini dərindən təhlil edib, onun yaradılması və inkişafı üçün iki vacib istiqaməti müəyyənləşdirib. Birinci istiqamət yeni idman obyektlərinin tikintisi, ikinci istiqamət isə mövcud idman qurğularının qurulması, bərpası və avadanlıqla təchizatını təmin etmək olub. 30 il ərzində Milli Olimpiya Komitəsi Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsil mənasında, möhtəşəm idman infrastrukturunu yaradıb. Müasir idman obyektləri Azərbaycanın yalnız paytaxtında deyil, bölgələrində də beynəlxalq yarışların təşkili, müxtəlif idman növlərinin inkişafı və kütləviləşməsi üçün əsaslı zəmin yaradıb. Yeni komplekslər sürətlə Azərbaycanın bütün bölgələrini əhatə edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə paytaxtla yanaşı, müxtəlif regionlarda 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Milli Olimpiya Komitəsi son dövrlərdə Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsl mənasında, möhtəşəm inzibati-idman mərkəzini yaradıb.

Son illərdə Azərbaycanda yeni idman qurğularının, Olimpiya İdman komplekslərinin tikintisi, mövcud olanların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülüb. İdmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində tikinti-quruculuq işləri bu gün də uğurla davam etdirilir.

Milli Olimpiya Komitəsi həmçinin 30 il ərzində mədəni tədbirlərin təşkilində də yaxından iştirak edib. MOK bu illər ərzində çoxlu sayda foto, rəsm müsabiqələri və sərgilər təşkil edib, qalibləri mükafatlandırıb. Bundan başqa MOK hər il Beynəlxalq Olimpiya Qaçış Gününə həsr olunmuş tədbirlər də təşkil edir.

 

 

Üçrəngli bayrağımız Olimpiya Oyunlarında da uğurla dalğalanıb

 

Planetin ən böyük idman yarışları arasında ilk pillədə şübhəsiz ki, Olimpiya Oyunları yer alır. Bu mötəbər idman tədbirində iştirak edərək, fəxri kürsünün ən yüksək pilləsində yer almaq dünyanın ən güclü idmançılarının ən böyük arzusudur. Dörd ildən bir keçirilən Oyunlarda minlərlə idmançı fəxri mükafatlar uğrunda yarışır. Azərbaycan müstəqillik əldə etdikdən sonra təmsilçilərimiz üçrəngli bayrağımız altında Olimpiya Oyunlarında iştirak etməyə başlayıblar. Suveren və gənc bir ölkənin yığma komandasının ilk sınağı okeanın o tayında baş verib. Belə ki, 1996-cı ildə ABŞ-da keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutub. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanıb.

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında 23-cü) yeri tutub. Komandamıza ilk qızıl medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftaxetdinova, ikinci qızıl medalı isə Atlanta Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev qazandırıb. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib olub.

Afina-2004-də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan Vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qızıl medal qazanıb. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftaxetdinova, Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədov və digər boksçumuz Fuad Aslanov bürünc medal əldə ediblər.

Pekin-2008-də isə ölkəmiz 12 idman növündə 44 atletlə təmsil olunub. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallara sahib çıxıb. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalı isə yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandırıb. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medallara layiq görülüblər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 6 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, növünə görə isə 39-cu olub.

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazanıblar. Bununla 204 ölkə arasında 30-cu olan ölkəmiz medalların ümumi sayına görə 25-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerdə qərarlaşıb. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi olublar. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurublar. Digər 2 bürünc medalı isə boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov qazanıblar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə yollanıb. Ölkəmiz ilk dəfə bu olimpiadada rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıb. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider olub.

Tarixdə ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşılardan biri olub. Braziliyaya bu idman növündə 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Taekvondoçumuz Radik İsayev Rio-2016-da komandamızın yeganə qızıl medalını qazanıb. Milad Beigi Herçəqani və Patimat Abakarova da bürünc medal əldə ediblər. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov yazdırıblar. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurublar. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla dönüblər. Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib olublar. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürünc medalı İnna Osipenko-Radomskaya əlavə edib.

Tokio-2020 Yay Olimpiya Oyunları dünyada geniş yayılan koronavirus pandemiyası səbəbindən bir il təxirə salınaraq 2021-ci ildə keçirilib. Bu olimpiadaya 44 idmançı ilə yollanan Azərbaycan komandası Oyunları 3 gümüş və 4 bürünc medalla başa vurub. Yığma komandamızın heyətində karateçilərimizdən Rəfael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) və sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) gümüş medallara sahib olublar. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) olimpiadanın bürünc medalını qazanıblar.

Pekin-2008-də 3-cü, London-2012 və Rio-2016-da isə 2-ci yeri tutan Mariya Stadnik Oyunlarda 4 mükafat qazanan ilk idmançımız olub. O, sərbəst güləşçi Xetaq Qazyumovu geridə qoyaraq, rekordu ələ keçirib. Yığma komandamızın keçmiş üzvü olan Xetaq Qazyumov Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da isə gümüş medala sahib olub. Qeyd edək ki, Mariya Stadnik həmçinin güllə atıcımız İradə Aşumovanın 4 olimpiadada iştirak etmə rekordunu da təkrarlayıb.

Tokio Olimpiadasının digər bürünc medallarını isə cüdoçumuz İrina Kindzerska (+78 kq) və boksçumuz Alfonso Domingez (81 kq) qazanıb. 30 yaşlı İrina Kindzerska ölkəmizə Yay Olimpiya Oyunlarının medalını qazandıran ilk qadın cüdoçu olub.

Beləliklə, komandamız Tokio Olimpiadasında medal qazanan ölkələr arasında medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci yeri tutub. Azərbaycan Yay Olimpiya Oyunları tarixində 1996-cı ildən sonra ilk dəfə Oyunları qızıl medalsız başa vurub.

Milli Olimpiya Komitəsi 1996-cı ildən bu günə qədər Azərbaycan Olimpiya yığmasının 7 Olimpiya Oyunlarında iştirakını təmin edib. Belə ki, 1996-cı ildən müstəqil şəkildə olimpiadada təmsil olunan ölkəmiz bu oyunlarda ümumilikdə müxtəlif idman növləri üzrə 49 (7 qızıl, 14 gümüş, 28 bürünc) medal qazanıblar.

 

Naqanodan başlayan yol

 

Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakını təmin etmək Milli Olimpiya Komitəsinin başlıca vəzifələrindəndir. Olimpiya Hərəkatının genişləndirilməsi, idmanın kütləviliyi, maddi-texniki bazanın möhkəmləndirilməsi ölkədə idmanın kompleks inkişafını şərtləndirən amillər olduğundan bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Artıq ölkəmizdə yay idman növləri ilə bərabər, qış idman növlərinə də şərait yaradılıb.

Müstəqil Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakı 1998-ci ildən başlayır. İdmançılarımız 1998-ci ildə Yaponiyanın Naqano, 2002-ci ildə ABŞ-ın Solt-Leyk-Siti, 2006-cı ildə İtaliyanın Turin, 2010-cu ildə Kanadanın Vankuver, 2014-cü ildə Rusiyanın Soçi, 2018-ci ildə isə Cənubi Koreyanın Pxençxan, 2022-ci ildə Çinin paytaxtı Pekin şəhərində mübarizə aparıblar. 1998-ci il fevralın 1-də Naqanodakı (Yaponiya) Olimpiya kəndində Azərbaycanın dövlət bayrağı qaldırılması ölkənin idman həyatı üçün əlamətdar hadisə kimi yadda qalıb. Bu hadisə Azərbaycanın adını ilk dəfə Qış Olimpiya Oyunlarının salnaməsinə həkk edib. İndiyə qədər qış Olimpiya idman növlərində Azərbaycanı Yuliya Vorobyova, İqor Paşkeviç, İnqa Rodionova, Aleksandr Onişşenko, Sedrik Noçs, Qaya Bassani Antivari, Alexei Sitnikov, Yuliya Zlobina, Sergey Rılov, Kristina Freyzer, İqor Lukanin, Elbrus İsakov, Patrik Braxner, Vladimir Litvintsev və Yekaterina Ryabova kimi idmançılar təmsil ediblər.

 

 

Avropada tarixi hadisə: Arzudan reallığa çevrilən ilk addım

 

Azərbaycan idmanının ən böyük uğurlarından biri də 2015-ci il planetin ən nüfuzlu idman tədbirlərindən biri olan I Avropa Oyunlarına ev sahibiliyi etməsidir. Qeyd edək ki, bu barədə qərar Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 7-8-i tarixində Romada keçirilən Baş Assambleyasında qəbul edilmişdi. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymət idi. Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycan idmanının növbəti qələbəsi idi.

Belə Oyunların təşkilinə hazırlaşmaq bir qayda olaraq 7-8 il vaxt tələb etsə də, Azərbaycan bu işin öhdəsindən 2 il yarımdan da az bir müddətdə gəlib.

I Avropa Oyunlarına hazırlıq hazırlıq zamanı paytaxtda Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, I Avropa Oyunları Parkı, həmçinin digər idman qurğuları və obyektləri tikilib istifadəyə verilib. Bundan başqa əvvədən mövcud olan idman qurğularında təmir-bərpa işləri həyata keçirilib.

Avropa Oyunları müstəqil Azərbaycanın bu günə qədərki tarixində ən əhəmiyyətli, bəlkə də ən möhtəşəm hadisə oldu.

Onun möhtəşəmliyinin ilk parlaq səhifəsi isə qədim Atəşgah məbədində Avropa Oyunlarının məşəlinin yandırılması idi.

I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri yalnız Azərbaycanın deyil, dünya idmanı tarixində özünə xüsusi yer tutan mədəniyyət hadisəsi olub. Avropa Oyunlarının açılış mərasimində bir sıra ölkələrin dövlət başçıları, idman qurumlarını rəhbər və rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Birinci Avropa Oyunlarının əsas yarışları iyunun 13-dən başlanıb və iyunun 28-nə qədər davam edib. Bu dövrdə bütün diqqət yarış meydanlarına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da bu dövrdə, demək olar ki, bütün idman növlərində yarışları canlı izləyiblər, qalibləri mükafatlandırıblar, onların qələbələrinə seviniblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin iqamətgahında isə iyunun 14-dən başlayaraq hər gün "Zəfər günləri" tədbirləri keçirilib. İlk dəfə MOK tərəfindən həyata keçirilən bu layihə zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri ilə MOK-un inzibati binasında görüşlər təşkil edilib, zəfər əldə edən idmançılarımıza komitənin mükafatları verilib.

I Avropa Oyunlarında 50 ölkənin nümayəndələri iştirak edib. Qitənin güclü atletləri 20 idman növündə çıxış ediblər. Azərbaycan idmançıları Bakı-2015 I Avropa Oyunlarını 56 medalla başa vurublar. İdmançılarımız bu yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq, Rusiya Federasiyasından sonra ikinci yeri tutub. Bu Oyunlarda atletlərimiz Azərbaycan üçün ənənəvi sayılmayan idman növlərində də yüksək nəticələr göstərdilər.

I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva "Heydər Əliyev" Ordeni ilə təltif edilib. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında xüsusi xidmətləri olan Mehriban xanım Əliyevanın əməyi Avropa Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirilib. Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Orden" təqdim edilib.

I Avropa Oyunları indi əbədi bir tarixə çevrilib. I Avropa Oyunları, şübhəsiz ki, Azərbaycanın Olimpiya Oyunları formatında möhtəşəm tədbiri keçirməyə qadir olduğunu sübut etdi. Beynəlxalq miqyasda imici artan ölkəmizin mədəniyyəti, idmanı, adət-ənənələri bütün dünyaya bir daha səs saldı. Bundan başqa idman infrastrukturuna mühüm idman obyektləri əlavə olundu, paytaxtın nəqliyyat və digər infrastrukturlarında əhəmiyyətli irəliləyişlər baş verdi, ümumilikdə ölkəmizin turizim potensialı artdı.

 

Bakıdan sonra Minsk…

 

Avropa Oyunlarına Bakıdan sonra növbəti ev sahibliyi edən şəhər Belarusun paytaxtı Minsk oldu. İyunun 21-30-dək təşkil olunan bu Oyunlarda qitənin 50 ölkəsindən 4 mindən çox atlet iştirak edib. Minsk-2019-da qüvvəsini sınayan atletlər 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar. İdmanın 8 növü üzrə yarışlar Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçirilib.

Azərbaycan II Avropa Oyunlarında 82 atletlə təmsil olunub. Atletlərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq, 50 ölkə arasında ilk onluqda yer alıblar.

Qeyd edək ki, gələn il üçün nəzərdə tutulan bu Oyunlara növbəti ev sahibliyi Polşanın Krakov və Malopolska şəhərlərinə həvalə olunub. Sayca üçüncü dəfə keçiriləcək yarışlarda qitənin ən güclü idmançıları, eləcə də təmsilçilərimiz qüvvələrini sınayacaqlar. Bu mötəbər yarış hələ uzun illər qitənin ayrı-ayrı şəhərlərində təşkil olunacaq. Lakin Avropa Oyunlarına ilk ev sahibliyindən söz düşəndə Azərbaycan, onun paytaxtı Bakı gözlər önünə gələcək. Necə ki, Olimpiya oyunlarının tarixindən danışılanda, yada Yunanıstan və Afina düşür.

 

 

 

İslam Həmrəyliyi Oyunları tarixində 

Azərbaycan salnaməsi

 

2005-ci ilin aprel ayında Səudiyyə Ərəbistanı Krallığı birinci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

Oyunların proqramına 14 idman növü üzrə yarışlar daxil edilib. Oyunlarda 55 ölkədən 3582 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinin ümumi sayı 136 nəfər təşkil edirdi ki, bunlardan 101-i bilavasitə yarışlarda çıxış edib. İdmançıların sayına görə ölkəmiz 10-cu olub. Ölkəmizin yığma komandası oyunlarda 12 idman növündə qüvvələrini sınayıb. Səudiyyə Ərəbistanının dörd şəhərində - Məkkə, Mədinə, Ciddə və Taifdə keçirilən Oyunlarda Azərbaycan yığması 15 (4 qızıl, 4 gümüş, 7 bürünc) medalla 8-ci yerə sahib olub. I İslam Həmrəyliyi Oyunlarında iştirak edən 55 ölkədə 32-si medalçılar siyahısında yer alıb.

2013-cu il sentyabrın 22-dən oktyabrın 10-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirilib.

Bu oyunlarda Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Respublikamız bu dəfə 54 idmançı ilə 9 idman növü (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağırlıqqaldırma və kamandan oxatma) üzrə təmsil olunub.

Oyunlarda iştirak edən idmançılarımız Vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub.

Oktyabrın 2-də İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimin sonunda Oyunların bayrağı təntənəli surətdə Azərbaycana verilib. Bayrağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Navaf Faisal Bin Abdulaziz təqdim edib.

May ayının 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Bakı-2017-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən artıq xarici və yerli media nümayəndəsi işıqlandırıb. İdmanın 20 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar.

İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanaraq komanda hesabında birinci olublar. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıb.

2017-cı il mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Bakı-2017 Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva IV İslam Oyunlarının başa çatması münasibətilə çıxış edib: "Azərbaycan növbəti tarixi qələbəyə imza atıb. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir".

 

 

Azərbaycan atletlərinin Konya zəfəri

 

V İslam Həmrəyliyi Oyunlarına Türkiyənin Konya şəhəri ev sahibliyi edib. Bu oyunlar 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salındı. Avqustun 18-dək davam edən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 22 idman növü üzrə 281 idmançı ilə təmsil olunub. Onlar ağırlıqqaldırma, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar. Komandamız Oyunları 99 medalla başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc olub. Azərbaycan komandası bu nəticə ilə medal qazanan ölkələr sırasında 4-cü pillədə qərarlaşıb. V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 54 ölkədən 44-ü medal qazanıb. Komandamız Konya-2021-də təmsil olunduğu 22 idman növünün 19-da medal əldə edib.

 

Yeniyetmə idmançılara göstərilən diqqət və 

qayğı öz bəhrəsini verdi

 

 

1998-ci ildə Yeniyetmələrin Respublika Oyunlarına start verilib. Bu Oyunlarda ölkənin bütün regionlarını əhatə edən 10 minlərlə yeniyetmə idmanın müxtəlif növləri üzrə yarışlarda qüvvələrini sınayırlar. Azərbaycan Milli Olimpiya Komitəsinin yeniyetmə idmançılara göstərdiyi diqqət və qayğı yalnız Respublika Oyunları ilə məhdudlaşmayıb.

1990-cı ildə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsis edilən Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı müasir dövrdə əhəmiyyətli idman tədbirlərindən biridir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalları (AYOF) həmçinin Olimpiya Hərəkatında da xüsusi yer tutur. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıb. Təmsilçilərimizin ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard şəhərinə təsadüf edib.

Azərbaycanın yeniyetmə idmançıları 1998-ci ildə Moskvada keçirilmiş Yeniyetmələrin Ümumdünya Oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya festivallarında uğurla yarışıblar. Bu festivallardan biri 2019-cu ildə paytaxtımız Bakıda təşkil olunub. Beləliklə, 1993-cü ildən Avropa Yeniyetmələrinin Yay Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan 26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın yeniyetmə idmançıları bu günədək keçirilmiş Avropa Yeniyetmələrinin 15 Yay Olimpiya Festivalından 13-də iştirak edib və ümumilikdə 78 medal (29 qızıl, 22 gümüş, 27 bürünc) qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olunub. Qazanılan medallardan 54-ü (17 qızıl, 15 gümüş, 22 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşüb. Cüdo və atletikadan fərqli olaraq güləşçilərimizin Olimpiya festivallarında qazandıqları medalların hamısı Bakı-2019-a təsadüf edir. Komandamızın Olimpiya festivallarında medal sıralamasına görə ən yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü yeri tutmasıdır. Azərbaycan idmançılarının bundan sonrakı ən yüksək nailiyyəti isə Belqrad-2007-də 7 qızıl medal qazanaraq 6-cı olmasıdır.

Təmsilçilərimiz sonuncu dəfə isə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak ediblər. Komandamız bu Oyunları 2-si qızıl, 4-ü gümüş və 2-si bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.

 

Yeniyetmələrin Olimpiya

Oyunları

 

 

Yeniyetmələrin Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi ilə 14-18 yaşlı idmançılar arasında keçirilir. Azərbaycan idmançıları bu Oyunlarda ilk gündən - 2010-cu ildən iştirak edir. 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları yeniyetmə idmançıların, idmansevərlərin yaddaşında həmişəlik qalıb. Oyunlarda 205 ölkə təmsil olunub. 12 idmançı ilə mübarizə aparan Azərbaycan komandası 5 qızıl, 3 gümüş medal qazanaraq dünya ölkələri arasında 11-ci, Avropa üzrə isə 6-cı yeri tutub. Azərbaycanın yeniyetmə idmançıları 2014-cü ildə Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında da uğurla çıxış ediblər. Ölkəmizin idmançıları Nankin Olimpiadasında ümumilikdə 12 - 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan bu göstərici ilə dünyanın 201 ölkəsi sırasında 10-cu yeri tutub.

İdmançılarımız 2018-də Argentinanı paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunub. Milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Beləliklə, Azərbaycan milli komandası 206 ölkənin iştirak etdiyi Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

 

 

Yeniyetmələrin

Qış Olimpiya Oyunları

 

 

Milli Olimpiya Komitəsi həmçinin Azərbaycan idmançılarının Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirakını da təmin edib.

Yeniyetmələrin I Qış Olimpiya Oyunları 2012-ci il yanvarın 13-dən 22-dək Avstriyanın İnsbruk şəhərində keçirilib. Azərbaycan isə bu Oyunlarda rəsmi olaraq 2018-ci ildən - İsveçin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarından təmsil olunmağa başlayıb. 17 idman növü üzrə keçirilən yarışda Azərbaycan bir idmançı ilə təmsil olunub. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə çıxış edən komandamızı fiqurlu konkisürmə növündə Yekaterina Ryabova təmsil edib. İdmançımız yarışda iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə səkkizinci yeri tutub.

Bir neçə gündən sonra Milli Olimpiya Komitəsinin 30 illik yubileyi təntənəli surətdə qeyd olunacaq. Bu 30 il ərzində MOK-un ölkəmizdə Olimpiya Hərəkatının inkişafında, Olimpiya ənənələrinin yaranmasında, qorunub saxlanılmasında müstəsna xidmətləri olub. Bu uğurları sadalamaqla bitmir. Milli Olimpiya Komitəsinin fəaliyyəti idman tariximizdə qızıl hərflərlə həkk olunub. Bu uğur dolu salnamə gələcək nəsillərə mirasdır. İnanırıq ki, Milli Olimpiya Komitəsinin idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətindəki səmərəli fəaliyyəti bundan sonra da uğurla davam edəcək.