Dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub. Voleybol Mərkəzində təşkil edilən tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rektor müavini, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, birinci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar iştirak ediblər.
AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”.
O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. C.Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.
Ardınca Ç.Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq".
N.Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib.
Ardınca Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səslənib.
Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtı Şuşanı təmsil edəcək “Xarıbülbül” qüvvəsini sınayacaq.
Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına start veriləcək.