Ölkəmizdə cüdo idman növünün inkişaf dinamikası və coğrafiyası genişlənməkdə davam edir. Artıq paytaxtla yanaşı, bölgələrdə də cüdo klubları fəaliyyət göstərir, ölkə idmanının inkişafına sanballı töhfələr verir. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də ölkədə fəaliyyət göstərən cüdo klublarının və cüdoçuların inkişafı üçün öz dəstəyini göstərir, müxtəlif yaş qrupları üzrə birinciliklər təşkil edir.
Bu yaxınlarda Mingəçevir şəhərində cüdonun təbliği məqsədi ilə yeniyetmələr arasında “Qədiroğlu” İdman Klubunun birinciliyi keçirilib. Müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışda fərqlənənlər arasında 282 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, “Arifoğlu Judo Klub”un yetirməsi Mətanət Mehdizadə də yer alıb. 44 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.