Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşq toplanışında olan kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri, məşqçi və tibb heyəti ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermədə iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onlar Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində səs veriblər.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin rəhbərliyi ilə 23 nəfər səsvermə prosesində iştirak edib.
Qeyd edək ki, seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.
Cüdoçularımız Parisdə prezident seçkilərində iştirak ediblər