Aprelin 9-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman növləri üzrə federasiyalar üçün ikinci sosial media və marketinq seminarı keçirilib.
Seminarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, MOK-un mətbuat katibi Murad Fərzəliyev, MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, DMS Azərbaycan şirkətinin icraçı direktoru Tahir Tahirli, sosial media və marketinq meneceri Əzizə Əhmədova, Səadət Mürsəliyeva və federasiya nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq, federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, bu seminar federasiyalar üçün olimpiada ərəfəsində çox faydalı olacaq.
"Biz bu yaxınlarda digər federasiyalar üçün də belə bir seminar təşkil etmişdik. Budəfəki seminara isə əsasən, Olimpiya Oyunlarında ölkəmizi təmsil edən federasiyalar toplaşıb. Bunlar Paris-2024-ə lisenziya qazanan və əsas ümidlərimiz olan federasiyalardır. Olimpiya Oyunları təkcə idman yarışı deyil, bu, həm də ictimai hadisədir. Olimpiadada bir çox məsələlər ortaya çıxır. Bunlardan biri də sosial media məsələləridir. Əvvəllər sosial media o qədər də aktual deyildi. Lakin bu gün Olimpiya Oyunlarını sosial mediada işıqlandırmaq çox vacibdir. Eyni zamanda marketinq məsələləri də çox əhəmiyyətlidir. Biz Milli Olimpiya Komitəsi olaraq bu məsələlərlə çoxdan məşğuluq. Bildiyiniz kimi, bizim Rio Olimpiadasından başlamış "Zəfər günləri" adlı layihəmiz var. Lakin yenə də təkmilləşmək və inkişaf etmək lazımdır. Biz bu işləri federasiyalarla birgə görməliyik. Məhz bu səbəbdən federasiya nümayəndələrini bir araya toplamışıq. Ümumi gedişatdan asılı olaraq seminarı gələcəkdə davam etdirməyimizlə bağlı nəticə çıxaracağıq. Çünki bir seminarda bütün məsələlər həll oluna bilməz. Ümid edirik ki, seminarın uğurundan asılı olaraq gələcəkdə də bu işi davam etdirəcəyik", - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra Paris-2024-lə bağlı promo çarx nümayiş olunub.
Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva "MOK-un Paris-2024 Yay Olimpiya Oyunlarına dair strategiyası" barədə çıxış edib. O, həmçinin Paris-2024-ə dair qaydalar və tövsiyələr barədə də məlumat verib.
DMS Azərbaycan şirkətinin nümayəndələri Tahir Tahirli və Əzizə Əhmədova "sosial media taktikaları" barədə danışıblar.
Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev "MOK-un informasiya mübadiləsi üzrə strategiyası" barədə danışıb. Bildirilib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. Çünki bu gün verilən informasiya özünün mahiyyətinə, mövzusuna və faktların dürstlüyünə görə idman tarixi üçün böyük əhəmiyyətə malikdir. O, qeyd edib ki, MOK-un informasiya mübadiləsi üzrə strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir.
Daha sonra DMS Azərbaycan şirkətinin digər nümayəndəsi Səadət Mürsəliyeva "Marketinqdə Süni İntellekt: Məzmun inqilabı" barədə məlumat verib.
Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.
Seminarin sonunda xatirə şəkli çəkilib.