Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkilatçılığı ilə keçirilən "Veteran və həvəskar idmançıların komanda liqası" yarışına yekun vurulub.
Yanvarın 19-dan aprelin 19-dək keçirilən yarış klub mədəniyyətinin inkişaf etdirilməsi, stolüstü tennisin təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə marağının artırılması məqsədi daşıyıb. Ölkənin müxtəlif bölgələrindən olan və fərqli idman klublarını təmsil edən 50-dən çox idmançı komanda yarışlarında mübarizə aparıb.
60-dan çox komanda oyununun nəticələrinə əsasən 11 heyət arasında ən yüksək nəticə əldə edən 3 komanda müəyyənləşib.
Nəticələrə əsasən birinci yeri "Bakı Stolüstü Tennis Klub"nu təmsil edən "Kapital" komandası (Elşad Vahidov (K), Tərlan Adıgözəlov, Fikrət Paşayev, İlham Hüseynov) tutub. "Xəzri" klubunu təmsil edən "Xəzri 1" komandası (Samir Həsənov (K), Vaqif Mamedov, Zaur Mikayılov, Zakir Aslanov) ikinci pillədə qərarlaşıb.
"Təhsil" klubunu təmsil edən "Ata" komandası (Elçin Mustafayev (K), Mahir Cəbiyev, Samir İsgəndərov, İsmayıl Mirzəliyev, Rahib Səfərəliyev) isə üçüncü yerə sahib olub.
Mükafatlandırma mərasimi aprelin 21-də "Şüa" idman kompleksində keçirilən Veteran idmançıların ölkə çempionatı çərçivəsində təşkil olunub. Qalib komandaların idmançılarına diplomlar və pul mükafatı təqdim edilib. Turnirin ənənəviliyini qorumaq məqsədilə qalıb komandaya rəmzi keçici kubok da verilib.