Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
İkinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.
Millimiz günü 2 qızıl və 2 bürüncla başa vurub.
Təmsilçilırimizdən Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final görüşündə moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək U-23 Avropa çempionatının qalibi olub.
Komandamıza digər qızıl medalı Xasay Həsənli (77 kq) qazandırıb. Pəhləvanımız həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans verməyərək ikinci dəfə U-23 Avropa çempionatında qızıl medala yiyələnib.
Digər güləşçimiz Rəşad Məmmədov (55 kq) isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlməklə bürünc medala sahib çıxıb.