İyunun 20-də Özbəkistanın paytaxtı Daşkənddə ağırlıqqaldırma üzrə Mərkəzi Asiya çempionatına start verilib. Ölkəmizi bu yarışda Olimpiya kateqoriyalı hakim Vahid Nəzərov münsiflər heyətinin üzvü kimi təmsil edir. Vahid Nəzərov yarışdan əvvəl Özbəkistanın idman nazirinin müavini Şahrulla Mahmudovla birgə Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyevlə görüşüb. Bundan başqa Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində təmsil olunan Vahid Nəzərov Mərkəzi Asiya çempionatının açılış mərasimində Özbəkistanın idman naziri Adham İkramov tərəfindən xatirə hədiyyəsi ilə təltif edilib.
Çempionata iyunun 25-də yekun vurulacaq.
Xatırladaq ki, 6 Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında da ədaləti qoruyub.