“Paris Olimpiadasında iştirak edəcək olimpiyaçılarımıza uğurlar arzulayıram”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova deyib. İdmançılarımızın olimpiadaya hazır olduğunu deyən Olimpiya çempionumuz komandamızın hər bir üzvündən medal gözlədiyini bildirib.
“Düzdür, proqnoz vermək çox çətindir. Olimpiya Oyunlarında bir dəst medal uğrunda çoxsaylı idmançı yarışacaq. Bu mübarizədən qalib ayrılmaq üçün isə hamıdan güclü olmalısan. İdmançılarımızın gücünə inanıram. Əminəm ki, atletlərimiz Parisdə uğurlar qazanacaqlar. İstər güləş, cüdo, boks, gimnastika, istərsə də atıcılıq, atletika, basketbol növlərindən medal gözləmək olar. Olimpiada sürprizlərlə dolu bir yarışdır. Bunun üçün də burada əvvəlcədə proqnoz vermək olmur”, - deyə Zemfira Meftaxetdinova bildirib.
Olimpiya mükfatçımız atıcılıq yarışlarında ölkəmizi təmsil edəcək Ruslan Lunyovun da şansları barədə danışıb.
“Paris-2024 Ruslan Lunyovun üçüncü olimpiadası olacaq. Buna qədər o, Rio və Tokio olimpiadalarında iştirak edib. İnanıram ki, Ruslan bu dəfə uğurlu çıxışla Vətənə qayıda biləcək. Niyə də olmasın? Onun medal qazanmaq üçün şansları çoxdur. Son vaxtlar stabil çıxışı da bunu deməyə əsas verir. Uzun müddətdir ki, atıcılıq yarışlarında medal qazanılmır. Ümid edirəm ki, Ruslan bu sindromu qıracaq”, - deyə Olimpiya çempionu qeyd edib.