Bob Matias - idmanı məğlubiyyətsiz tərk edən siyasətçi

Bob Matias - idmanı məğlubiyyətsiz tərk edən siyasətçi

Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanan atletlər o qədərdir ki, onlar barəsində neçə-neçə cilddən ibarət kitablar yazmaq olar. Adını dünya idmanının tarixinə qızıl hərflərlə yazdıran idmançıların keçdiyi həyat yolu hər zaman maraqla qarşılanıb. “Olimpiya dünyası” qəzeti öz səhifələrində bu cür idmançılar barəsində yazıları çoxsaylı oxucularına təqdim etməkdə davam edir. Qəzetimizin bu sayında “Unudulmayan ulduzlar” rubrikası altında amerikalı ikiqat Olimpiya çempionu Bob Matiasdan bəhs edən yazını dərc edirik.

İkinci dünya müharibəsi bir çox idmançıların bu sahədə karyeralarını sözün əsil mənasında məhv etmişdi. Bir çoxları isə məcburiyyətə qapılıb hələ də böyük arzularının arxasınca düşmüşdü. Əvvəlki idmançıların idmanla vidalaşması bir sıra boşluqlar yaratmışdı. Çıxış yolu isə yeniyetmə və gənclərin idmana cəlb olunması idi. Hər zaman idmanda liderlik mövqeyinə can atan və əksər hallarda zirvədə yer alan ABŞ gəncləşdirmə siyasətindən yararlanmağa çalışır.

İkinci dünya müharibəsindən sonra planetin ən böyük idman tədbiri Böyük Britaniya paytaxtında təşkil olunacaqdı. Qanlı-qadalı müharibədən üç il keçmişdi. Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında ABŞ-da daxil olmaqla, cəmi 59 ölkə yarışacaqdı. 17 yaşlı Bob Matias isə bu Oyunların tarixinə düşəcəkdi.

 

Hər şey kitabdan başlamışdı

1930-cu il noyabr ayının 17-də Kaliforniyanın Tulare şəhərində anadan olan Robert Bryus “Bob” Matiasın idmana gəlişi və idmandakı uğurları hələ də unudulmayıb. O, idmana qəfil gəlişi və gəldiyi kimi də qəfil gedişi ilə yadda qalıb.

Matias idmançı karyerasına başlayanda onun boyu 6 fut, 2 düym, çəkisi isə 80 kq idi. O, basketbol və Amerika futbolu ilə yaxından tanış idi. 1948-ci ilin baharında məşqçilərdən biri Boba özünü dekatlonda sınamağı təklif etmişdi. Gənc oğlan ilk dəfə idi ki, belə bir idman növü eşidirdi. “Bu nə deməkdir?” - sualından sonra məşqçi ona “dekatlon”un 10 idman növündən ibarət olduğunu desə də, hansı idman növlərinin buraya daxil olduğunu tam açıqlaya bilməmişdi. Çıxış yolu var idi. Məşqçi qiyməti 3,95 ABŞ dolları olan “dekatlon” kitabını sifariş etmişdi. Qısa zaman ərzində poçtla həmin kitab ünvan çatdırılmışdı. Kitabın köməkliyi ilə məlum oldu ki, bu idman növünə şüvüllə, hündürlüyə, uzununa tullanma, nizəatma, diskatma, nüvəitələmə 100, 400, 1500 metr məsafəyə, 110 metr manelərlə qaçış növləri daxildir. Matias bu idman növləri ilə heç vaxt məşğul olmamışdı.

Qısa zaman ərzində bu idman növləri ilə tanış olub, nəticə əldə etmək lazım idi. Olimpiya Oyunlarına yollanmaq üçün Cənubi Sakit Okean çempionatında o, mütləq fərqlənməli idi. Hazırlıqlar öz axarında gedirdi. Çempionat ərəfəsində gələcək çempion səkkiz metrlik hündürlüyə tullanmaq imkanını əldən vermişdi. Lakin o, qətiyyən ümidsizliyə qapanmaq niyyətində deyildi.

Özündə güc tapan amerikalı idmançı olimpiyadaqabağı təsnifat yarışında çempionatını qazanmışdı. O, ikinci cəhdində Nyu-York Universitetindən olan üçqat ölkə çempionları İrva Mondşeynə və Floyd Simmonsu qabaqlamışdı. 17 yaş, 8 ay, 3 həftəlik yaşında ABŞ atletika komandasının ən gənc üzvü olmuşdu.

 

Güclü leysan gənc çempionun əzmini qıra bilməmişdi

Qeyd olunduğu kimi, on iki ildən sonra 1948-ci ildə Londonda keçiriləcək Olimpiya oyunları bütün dünyanın diqqətini özünə cəlb etmişdi. Gənc idmançı dünyanın 12 ölkəsindən olan 12 idmançı ilə mübarizədə yeni bir tarixi uğurun astanasında idi. Onun rəqibləri heç də zəif deyildilər. Onlar iki qrupda yarışacaqdılar. Püşkatma zamanı Matias qısa çöpü çəkərək, ikinci qrupa düşmüşü. Bu onun üçün ürəkaçan nəticə deyildi. Çünki bu sonuncu yarış olduğu üçün axşam saatlarında keçirilirdi.

5 avqust. Səhər tezdən başlayan güclü yağış səngimək bilmirdi. Matiasın güclü rəqiblərlə meydan mübarizəsi başlamışdı. Güclü leysan altında onun nəticələrinə hakimlər diqqətsiz yanaşmışdılar. Buna görə də o, ilk cəhdində çempionluq şansını xeyli azaltmışdı. Matias geridönüş etməyə müvəffəq olmuşdu. Ativində 3848 xal var idi. Fransalı İnyas Enrişin və argentinalı Enriki Kistenmaheranını qızıl medala gedən yolunu kəsmişdi. Yağış isə “Uembli” stadionunu gölə çevirmişdi. Buna baxmayaraq 70 min azarkeş və 28 nəfər iştirakçı yağışa təslim olmaq istəmirdilər.

Matiasın növbəti çıxışı diskatmada olmuşdu. O, diski palçıqlı meydançaya təxminən 45 metr məsafəyə tullaya bilmişdi. Bu nəticə elə də qənaətbəxş deyildi. Liderliyi ələ almaq üçün Matiasa əlavə 44-45 sm lazım idi. Çıxış üçün şərait isə getdikcə çətinləşirdi. Finiş xəttinin görünməsi üçün hakimlər meydançanı fənərlərlə işıqlandırmışdılar. İkinci cəhddə nəhayət ki, 17 yaşlı oğlan nizəni 50 metr 85 santımetrə tullaya bilmişdi. Daha sonra isə rəqiblərini irəli buraxmamaq üçün o, 1500 metrlik məsafəni qaçmalı idi. Çətin hava şəraitinə baxmayaraq Matias sinəsi ilə küləyi və yağışı yararaq, 1500 metr məsafəni 49 saniyəyə qət etmişdi. Ümumilikdə dekatlon yarışları 12 saat 35 dəqiqə davam etmişdi. Nəticədə, ABŞ komandası qızıl medala sahib olmuşdular. Həmin vaxt “Nyu-York Tayms” yazırdı: “Güclü yağan yağış altında, su basmış, qaranlıqda fənərlə işıqlandırılmış stadionda möhtəşəm naliyyət”

Qəzetin müxbirinin gənc Olimpiya çempionuna yaxınlaşıb, “bundan sonra nə etmək barədə düşünürsünüz?” - sualına Matias belə cavab vermişdi: “Hər şeyə təraşdan başlayacağam”.

 

Çempionluq sevinci ağrını unutdurmuşdu

Böyük Britaniyada keçirilən olimpiadada əldə olunan bu nailiyyət Bob Matias üçün yeganə olmamışdı. Dörd il sonra o, Helsinkidə sübut etməli idi ki, bəli, Londonda o, təsadüfən çempion olmayıb. Yarışlar zamanı ombasından aldığı zədəyə baxmayaraq, ilk dəfə dekatlonda ikiqat Olimpiya çempionu adını qazanmışdı. O, həmyerliləri Milt Kempelli (sonradan o, Melbrunda qızıl medal qazanmışdı - red) və Floyd Simmonsu qabaqlamışdı. Zədəli vəziyyətdə Olimpiya Oyunlarının qızıl medalını qazanmaq həmin dövrdə də böyük hünər tələb edirdi. Matias üçün Finlandiya paytaxtı dünya rekordu ilə yadda qalmışdı. İkiqat Olimpiya çempionluğundan sonra amerikalı idmançı karyerasını bitirmək qərarına gəlmişdi.

O, idman karyerasını bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində xidmət etmişdi. Bir neçə filmlərdə rol almışdı. Sonradan isə siyasət meydanına atılmışdı. Belə ki, 1967-1975-ci illərdə ABŞ Nümayəndələr Palatasının Kaliforniyadan üzvü olmuşdu. İki dəfə ailə qurmuşdu. Birinci həyat yoldaşı Melba ilə (1954-1976-cı illər) evlilikdən Bobun üç qızı (Romelle, Meqan və Marissa) dünyaya gəlmişdi. Matiasın bir oğlu isə nikahdan kənar doğulmuşdu. 1977-ci ildə Bob ABŞ konqresmeni Bill Aleksandrın keçmiş həyat yoldaşı Qven Aleksandrla ailə qurmuşdu. Ömrünün sonuna qədər siyasətlə məşğul olan ikiqat Olimpiya çempionu 2006-cı il sentyabr ayının 2-də Kaliforniyanın Fresno şəhərində dünyasını dəyişib. Onun adı dünya idmanında ən yaxşılar sırasında yer alıb.

 

Hazırladı:

Mehriban Həbibova

 

Bob Matias - idmanı məğlubiyyətsiz tərk edən siyasətçi Bob Matias - idmanı məğlubiyyətsiz tərk edən siyasətçi