Dünya azərbaycanlılarının mütəşəkkilliyinin möhkəmlənməsi, soydaşlarımızın milli birlik və həmrəyliyinin, sözün həqiqi mənasında, təmin edilməsi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Çox fərəhli haldırki, Azərbaycan xalqı 33 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Dünya azərbaycanlılarını yaxınlaşdırmaq, onların birliyini və həmrəyliyini təmin etmək üçün ümummilli lider Heydər Əliyev dövlət səviyyəsində təsirli tədbirlərin görülməsini vacib vəzifə hesab edirdi. Bu vəzifəni reallaşdırmaq məqsədilə 21 may 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında fərman imzalayan ümummilli liderimiz Heydər Əliyev elə həmin ilin 9-10 noyabrında bu tədbirin həyata keçirilməsinə nail oldu. O yalnız rəmzi birlik gününü təyin etmədi, real birlik istiqamətində də addımlamağa başladı.
Qurultayda iştirak etmək üçün dünyanın hər yerindən ölkəmizə gələn həmvətənlərimiz arasında idmançılar və idman xadimləri də az deyildi.
Qurultayın gedişində fəaliyyət göstərən «Gənclik və idman» bölməsi öz işini MOK-un yeni inzibati binasında davam etdirdi. ABŞ, Almaniya, Danimarka, Latviya, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və eləcə də ölkəmizin tanınmış idman xadimləri bu tədbirdə iştirak edirdilər.
Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
Ümummilli liderimizin layiqli davamçısı gənc və qətiyyətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. 2003-cü il dekabrın 30-da Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibəti ilə böyük amnistiya aktını imzalayan İlham Əliyev yüzlərlə ailəyə sevinc bəxş etmiş, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yüzlərlə soydaşımızı yeni ilin astanasına əfv edərək, öz doğmalarına qovuşmasına zəmin yaratmışdı. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin sonradan müxtəlif bayram və əlamətdar günlər münasibəti ilə imzaladığı əfv və amnistiya haqqında sənədlər artıq yüzlərlə deyil, minlərlə soydaşımıza şamil edilibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir: «Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri göstərəcəkdir».
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.
Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, Dəmir Yumruq ətrafında sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı.
Çox əlamətdar hadisədir ki, başqa illərdən fərqli olaraq 2025-ci il Dünya Azərbaycanlıların Həmrəylik günü Qarabağın alınmasının növbəti ilinə təsadüf edir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.
Bütün bu nailiyyətlərin qazanılmasının özülünü ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs qoyub. Prezidentimiz İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədakarlıq nümunələri göstərir.
Bu gün xalqımız qarşıdan gələn 2025-ci ili və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük Zəfər sevinci ilə qarşılayır. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, azərbaycançılıq ideyasının rəmzi və təcəssümünü Azərbaycan Respublikasının Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı daha işıqlı sabahlara aparır və aparacaqdır.
Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!