Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirininaçılış mərasimi keçirilib.
"Landmark"da təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən millət vəkili Arzu Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağon və Qənirə Paşayevanın anası Tehran Paşayeva bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Azərbaycanı turnirdə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edir. Yarışda eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da mübarizə aparır.
Rapid və blits üzrə təşkil olunan turnirdə qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.
Mötəbər turnirin baş hakimi Faiq Həsənovdur. Ümumi mükafat fondu 30 min manat olan turnirə martın 6-da yekun vurulacaq.