Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki

Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki

Novruz bayramı təbiətin yeniləndiyi, birlik və həmrəyliyin gücləndiyi, sevinc dolu bir bayramdır. Bu əziz gündə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, Olimpiya çempionlarımız və mükafatçılarımız da xalqımızın sevincinə qoşulur. Onlar qəzetimiz vasitəsi ilə Novruzun ruhunu, baharın təravətini və yenilənmə gücünü öz ürək sözləri ilə bölüşərək, hər kəsi bu gözəl bayram münasibətilə təbrik edirlər.
İdmançılarımızın Novruz bayramı ilə bağlı ürəkdən gələn təbriklərini oxucularımıza təqdim edirik.

 
“Novruz həm də təbiətin, ənənələrin, həmrəyliyin və bərəkətin təcəssümüdür”
 
 Zemfira Meftaxetdinova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi:
- Novruz bayramı ölkəmizdə sevilən ən sevimli və ən gözəl bayramlardan biridir. Hər il olduğu kimi, Novruz bayramını övladlarım, nəvələrim və yaxın qohumlarımla birgə qeyd edirik. Bu il Novruz bayramı, Ramazan ayına təsadüf edir. Bu bayramı böyüklərlə yanaşı, uşaqlar daha çox sevir. Novruzun papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, şam yandırmaq, yumurta döyüşdürmək, səməni yetişdirmək kimi gözəl adət-ənənələri var. Nəvələrim də bu bayramı məhz bu adətlərə görə daha çox sevir.
Novruzun axşamı, yəni Novruz gecəsi, evlərdə süfrələr qurulur, dostlar və ailə üzvləri bir araya gəlir. Bu, bayramın sevdiyim ən yaxşı tərəflərindən biridir. Hər evdə Novruz şirniyyatları bişirilir, şam yandırılır, səməni yetişdirilir. Təbii ki, mən də Novruz şiriniyyatlarını daha çox sevinirəm. Amma ən çox sevdiyim şiriniyyatlar şəkərbura və paxlavadır.
Novruz, sadəcə bir bayram deyil, həm də təbiətin, ənənələrin, həmrəyliyin və bərəkətin təcəssümüdür. Bu bayram, keçmişlə gələcəyi birləşdirən və insanları ruhən təzələyən bir zamandır.
Fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Yeni ilin, baharın və təbiətin oyanışının, sevinc və bərəkətin təcəssümü olan bu bayramın hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar gətirməsini arzulayıram.
 
 
“Artıq işğaldan azad olan torpaqlarımızda belə bayram tonqalları yandırılır”

 
Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi:
- Novruz bayramı bizim milli mənəvi dəyərlərimizdən hesab olunur. Bu bayram öz növbəsində yeniliyin, inkişafın və arzuların carçısıdır. Uşaq yaşlarımdan bu bayramın gəlişini səbrsizliklə gözləmişəm. Qədim tarixə malik olan bu el bayramı bu günə qədər ölkəmizin hər bir yerində böyük təntənə ilə qeyd olunur. Artıq işğaldan azad olan torpaqlarımızda belə bayram tonqalları yandırılır, şənliklər təşkil olunur. Bu, böyük qələbənin və sevincin təcəssümüdür. Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, xoş günlər arzulayıram. Qoy bahar müjdəli bu bayram hər evə sevinc, hər ürəyə ümid gətirsin. Novruz bolluğun və birliyin rəmzi kimi xalqımıza xoşbəxtlik, firavanlıq və ruzi-bərəkət bəxş etsin.

 

“Arzu edirəm ki, Vətənimiz hər zaman sülh, birlik və bərəkət içində olsun”
Nazim Hüseynov, Barselona-1992 Yay Olimpiya Oyunlarının qalibi:
- Əvvəllər Novruz bayramını qayğısız uşaq kimi, indi isə ailə başçısı kimi, qeyd edirəm. Bu bayramın bir çox adət-ənənələri var. Novruz bayramı ərəfəsində dörd əsas çərşənbə qeyd olunur ki, bunlar da sadəcə adətlər deyil, hər biri özündə sirli inanclar və maraqlı hadisələri daşıyır. Yaz fəslində ağaclar çiçəklənir və təbiət canlanır. Bu dövr, həm təbiət üçün, həm də insanlar üçün yeniliyin və ümidin simvoludur. Arzu edirəm ki, Azərbaycan daim çiçəklənsin, Vətənimiz hər zaman sülh, birlik və bərəkət içində olsun. Bayramınız mübarək olsun!
 
 
“Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm”

Elnur Məmmədli, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi:
- Hazırda Azərbaycan yığma komandası ilə birgə Yaponiyanın paytaxtı Tokioda keçirilən təlim-məşq toplanışında iştirak edirik. Hazırlıq prosesini başa vurduqdan sonra martın 23-də Bakıya qayıdacağıq. Bayramı Tokioda qeyd edəcəyik. Ümumiyyətlə Novruz bayramı adət-ənənələrlə zəngin, xalqımızın mədəniyyətini, tarixini və dəyərlərini əks etdirən ən gözəl bayramlardan biridir. Bayram zamanı əsas adətlərdən danışanda papaq atmaq adətini qeyd edərdim. Mən də uşaq vaxtı papaq atar, tonqaldan atlanardım. Novruz adət ənənələri ilə zəngin bir bayramdır. Novruzun əsas sevimli cəhətlərindən biri də bayram şirniyyatlarıdır. Mənim əsas sevdiyim şirniyyat isə şəkərburadır. Fürsətdən istifadə edib, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xalqımıza bol ruzi, sevinc və xoş günlər arzulayıram.
 
 
“İdmançılarımıza yeni qələbələr, uğurlar və möhkəm iradə arzulayıram”
Mövlud Mirəliyev, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi,  Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı:

 - Novruz Azərbaycan xalqı üçün yeni ilin gəlişidir. Xalqımız hər zaman bu bayrama böyük əhəmiyyət verib. Bu qədim bayram xalqımızın birliyini, mədəniyyətini və ənənələrini yaşadan xüsusi bir gündür. Yazın gəlişi ilə təbiətdə baş verən dəyişikliklər həm də insanın ruhuna təsir edir. Novruz milli bayram olduğu üçün xalqı birləşdirir. Biz bunun ən yaxşı təzahürünü keçirilən şənliklərdə və adətlərdə görə bilirik. Qəzetiniz vasitəsi ilə Azərbaycan xalqını və idman ictimiyyətinin nümayəndələrini Novruz bayramı münasibəti ilə təbrik edirəm. İdmançılarımıza yeni qələbələr, uğurlar və möhkəm iradə arzulayıram. Azərbaycan bayrağını daim zirvələrdə dalğalandıran idmançılarımıza güc və qətiyyət, xalqımıza isə firavanlıq və xoşbəxtlik diləyirəm.
 
 
“Novruz bayramı baharın gəlişini göstərən amillərdən biridir”
Rüstəm Orucov, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı:

- Novruz bayramı baharın gəlişini göstərən amillərdən biridir. Həmin vaxt yazın havası çox gözəl duyulur. Hamı kimi mən də bu bayramı ailəmlə birgə keçirməyi çox sevirəm. Bayram günü qohumlarımızı təbrik edir, bayram şirniyyatlarından dadırıq. Uşaq vaxtı bu bayramı səbirsizliklə gözləyirdim. Bayram günü dostlarımla birlikdə yaxın qonşu və qohumlarımızın evinə papaq atırdıq. Bu gün də bu adət ən-ənənələr qorunub, saxlanılır. Qəzetiniz vasitəsi ilə xalqımızı bahar bayramı münasibəti ilə təbrik edirəm. Novruz ölkəmizə, elimizə yeni başlanğıclar, sevinc dolu günlər, firavanlıq və xoşbəxtlik gətirsin.

Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki