III MDB Oyunları çərçivəsində keçirilən güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışların son günündə Azərbaycan komandası daha iki meal qazanıb.
Komandamızın üzvü Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında üçüncü yeri tutub. Bu X.Əliyevanın III MDB Oyunlarında qazandığı ikinci medalı olub. Belə ki, təmsilçimiz əvvəlki yarış günlərində gümüş medal qazanmışdı.
Bu gün komandamızın aktivinə növbəti medalı isə Vladislav Kalmıkov yazdırıb. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında gümüş medala sahib çıxıb.
Beləliklə, Azərbaycan güllə atıcıları III MDB Oyunlarını 2 gümüş, 1 bürünc medalla başa vurublar.