ISSF-in 9-cu Baş Assambleyası Bakıda keçiriləcək

ISSF-in 9-cu Baş Assambleyası Bakıda keçiriləcək



Noyabrın 2-4-də Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) 9-cu Baş Assambleyası keçiriləcək.
Baş Assambleyada Səudiyyə Ərəbistanı Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, ISSF-nin İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycanı IV İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi şəxslər təmsil edəcəklər.
Mötəbər tədbir çərçivəsində noyabrın 2-də Əlaqələndirmə Komissiyasının, bir gün sonra İslam Həmrəylik İdman Federasiyasının 24-cü İcraiyyə Komitəsinin görüşləri təşkil olunacaq. Noyabrın 4-də isə ISSF-nin 9-cu Baş Assambleyası keçiriləcək.
Qonaqlar, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinə səfər edəcək, yaradılan şəraitlə tanış olacaqlar.
İslam Həmrəyliyi İdman Federasiyasının 9-cu Baş Assambleyasında 45-dən çox Olimpiya komitəsindən 120-dək nümayəndənin iştirakı gözlənilir.