Bakı-2015 Avropa Oyunları AOK-un Baş Assambleyasında müzakirə olunub

Bakı-2015 Avropa Oyunları AOK-un Baş Assambleyasında müzakirə olunub




Noyabrın 20-21-də Çexiyanın paytaxtı Praqada Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası ketçirilib.
Olimpnes.az AzərTAC-a istinadən xəbər verir ki, assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər təmsil ediblər.
Baş Assambleyanın birinci günündə Bakı-2015 I Avropa Oyunları və bu mötəbər idman yarışının nəticələri müzakirə olunub.
Assambleyanın açılışında çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax birinci Avropa Oyunlarının yüksək səviyyədə və çox böyük uğurla keçirildiyini vurğulayıb.
AOK-un prezidenti Patrik Hikki Bakı-2015 Avropa Oyunlarının bu ilin ən uğurlu idman hadisəsi olduğunu qeyd edib. O, yarışların möhtəşəm və dünya standartlarına uyğun təşkilini, Bakı-2015 Oyunlarının keçirilməsində əməyi olan hər kəsin, xüsusilə könüllülərin peşəkarlığını və vətənpərvərliyini xüsusi qeyd edib.
AOK-un baş katibi Rafaello Paqnotsi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa da çıxışlarında birinci Avropa Oyunlarında əldə edilmiş uğurlardan və ümumiyyətlə, I Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə olduğundan söz açıblar.
A.Rəhimov birinci Avropa Oyunlarının yekun hesabatını təqdim edib. Nazir Oyunlarla bağlı statistik rəqəmləri, yarışların ölkəmiz və Avropa üçün əhəmiyyətini diqqətə çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmasına baxmayaraq, ölkəmizin yüksək təşkilatçılıq nümayiş etdirərək qısa müddətdə bu yarışlara ən mükəmməl şəkildə ev sahibliyi etdiyini bildirib. Nazir növbəti Avropa Oyunlarını keçirəcək ölkəni hazırlıq prosesi zamanı Azərbaycanın təcrübəsindən yararlanmağa çağırıb.
Sonra birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Videoçarxın nümayişindən sonra AOK-un prezidenti Patrik Hikki Bakı-2015 Avropa Oyunları ilə bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. O, müasir və inkişafda olan ölkəmizin hər bir avropalı üçün yenidən kəşf edildiyini xüsusi vurğulayıb.