Tomas Bax: “Dopinq qalmaqalı ilə bağlı məsələni cavabdeh təşkilatlar araşdırır”

Tomas Bax: “Dopinq qalmaqalı ilə bağlı məsələni cavabdeh təşkilatlar araşdırır”

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax rusiyalı idmançıların Rio-2016 Olimpiadasında iştirakı ilə bağlı qalmaqallı məsələyə münasibət bildirib.

Olimpnews.az saytının məlumatına görə, o, bu məsələnin BOK-da deyil, Ümumdünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyasında (İAAF) müzakirə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, dopinq qalmaqalında bəzi Keniya idmançılarının da adı hallanır. "Bu çox narahatlıq doğuran mövzudur və dopinq qalmaqalı ilə bağlı məsələni cavabdeh təşkilatlar araşdırırlar. Rusiya və Keniya idmançıları ilə əlaqədar araşdırmanı Ümumdünya Antidopinq Agentliyi və Beynəlxalq Yüngül Atletika Federasiyası birbaşa özləri aparır və bu, bizim işimiz deyil”, - deyə Tomas Bax bildirib.

Xatırladaq ki, WADA bir müddət əvvəl Rusiya Yüngül Atletika Federasiyasının fəaliyyətini dayandırıb. Federasiyanın fəaliyyəti bərpa olunmasa, rusiyalı atletlər Olimpiya oyunlarında iştirak hüquqlarını itirəcəklər.