Məşəlin estafeti “Sülhün böyük marafonu” adlandırılacaq

Məşəlin estafeti “Sülhün böyük marafonu” adlandırılacaq
Xəbər verdiyimiz kimi, Roma 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd şəhərlərdən birdir. Olimpnews.az saytının məlumatına görə, İtaliyada şəhərin yarışlara yüksək səviyyədə ev sahibliyi etmək potensialına malik olmasını əks etdirən müxtəlif tədbirlər keçirilir. Bu cür tədbirlərdən birində Təşkilat Komitəsinin prezidenti Luça Di Montezemolo Romanın Oyunlara ev sahibliyinə namizədliyi ilə bağlı xarici jurnalistlər qarşısında təqdimatla çıxış edib. O bildirilib ki, Roma yarışlara ev sahibliyi etmək hüququ qazanacağı halda, dünyanı sülhə çağıran önəmli elementlər nümayiş olunacaq. "Olimpiya məşəli estafeti yüzlərlə miqrantın həyatını itirdiyi Lampeduza adasından başlayacaq. Bu, hazırda Avropa üçün aktual olan miqrant mövzusunu simvolizə edəcək. Məşəl Vatikan, Roma məscidi və Tiber sinaqoquna gətiriləcək və biz bunu "sülhün böyük marafonu” adlandıracağıq”, - deyə o bildirib.

Onu da deyək ki, Romanın namizədliyinin təbliği istiqamətində 24 milyon 900 min avro həcmində vəsait ayrılıb. Məbləğin 5 milyonu özəl sektorun, digər qismi isə İtaliya Milli Olimpiya Komitəsinin və hökumətin payına düşür. Bu vəsait Olimpiya Oyunlarını keçirməyə namizəd olan Parisin və Los-Ancelesin təbliğatı üçün ayrılmış vəsaitdən olduqca aşağıdır.