Rio-2016 Olimpiadasının təşkilatçıları Soçinin təcrübəsindən yararlanacaqlar

Rio-2016 Olimpiadasının təşkilatçıları Soçinin təcrübəsindən yararlanacaqlar
Bu ilin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının təşkilatçıları Soçi-2014 Qış Olimpiadasının təcrübəsindən yararlanmağa çalışırlar.

Olimpnews.az saytının məlumatına görə, bu barədə Braziliya Milli Olimpiya Komitəsinin prezidenti və Rio-2016 Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman məlumat verib.

Braziliya rəsmisi Soçi-2014 XXII Qış Olimpiya Oyunlarının onun yaddaşına dərin iz buraxdığını bildirib: "Soçi-2014 Qış Olimpiadası mənim çox xoşuma gəldi. Hər şey çox möhtəşəm idi - yüksək səviyyədə təşkilatçılıq, müasir idman qurğuları və s. Hesab edirəm ki, Soçi-2014 Qış Olimpiya Oyunları tarixində zəngin irsə malikdir. Təbii ki, qış olimpiadaları Yay Olimpiya Oyunlarından fərqlənir. Lakin biz rusların təcrübəsindən öyrənmək üçün öz mütəxəssislərimizi ora göndərmişik”.
Qeyd edək ki, Braziliya MOK-nun prezidenti bugünlərdə yeni basketbol arenasının açılışında iştirak edib. Tədbirdə o, Rio-de-Janeyro şəhərinin merindən rəmzi dəmir açarı qəbul edib. Karlos Artur Nuzman KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə Braziliyanın içində olduğu iqtisadi çətinliyin Rio-2016 Yay Olimpiadasına hazırlıq prosesinə təsir etməyəcəyini bildirib.

XXXI Yay Olimpiya Oyunları bu il avqust ayının 5-21-də təşkil ediləcək. Bu, Cənubi Amerikada keçiriləcək ilk olimpiada kimi tarixə düşəcək.