Rio-2016 Olimpiadasının təşkilatçıları tədbirlər görəcək

Rio-2016 Olimpiadasının təşkilatçıları tədbirlər görəcək



Braziliyanın Rio-de-Janeyro şəhərinin hakimiyyəti bu il keçiriləcək XXXI Yay Olimpiya Oyunları zamanı "Zika" virusuna yoluxma faktlarının qarşısını almaq üçün tədbirlər planı hazırlayıb.
BBC-nin yaydığı məlumata görə, körpə uşaqlar arasında ağır fiziki qüsurlara səbəb olan bu xəstəlik həm Braziliyada, həm də xaricdə artan narahatlığına səbəb olub.
Olimpiya komplekslərinin müfəttişliyi xəstəliyi yayan ağcaqanadları məhv etmək üçün Olimpiya oyunlarından dörd ay əvvəl dezinfeksiya tədbirləri həyata keçirəcək.
Bununla belə dərmanlama yalnız atletlərin və qonaqların sağlamlığında şübhələr yarandığında aparılacaq.
Braziliyanın Səhiyyə Nazirliyi bildirir ki, Oyunların avqustda, havanın sərin, quru olduğu zaman keçiriləcəyindən ağcaqanadların sayı da az olacaq, bu isə o deməkdir ki, virusa yoluxma halları da azala bilər.
Bundan əvvəl ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, "Zika"ya yoluxma hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.
Qeyd edək ki, virusa yoluxma Braziliyada başlayıb. Bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.