Tomas Bax böhranın Rio-2016 Olimpiadasına təsir etməyəcəyini düşünür

Tomas Bax böhranın Rio-2016 Olimpiadasına təsir etməyəcəyini düşünür

Siyasi və iqtisadi vəziyyət bu ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının təşkilinə mane olmayacaq. Çünki əsas idman qurğularının inşası başa çatdırılıb.

Olimpnews.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Almaniyanın "Kicker” nəşrinə müsahibəsində deyib. "Hazırda Braziliyada yaşanan siyasi və iqtisadi böhran haqqında vəziyyət bizə yaxşı məlumdur. Ölkə dərin böhran içərisindədir. Lakin əsası odur ki, əsas idman qurğularının inşası başa çatdırılıb və biz inanırıq ki, bu ilin yayında Braziliyada möhtəşəm Olimpiya Oyunlarının şahidi olacağıq”, - deyə BOK prezidenti bildirib.

BOK prezidenti həm də Beynəlxalq Atletika Federasiyasının (İAAF) keçmiş prezidenti Lamin Diakın korrupsiya əməli ilə bağlı hərəkətini də kəskin tənqid edib: "İAAF-da baş verənlər inanılmazdır. Təsəvvür edin, beynəlxalq qurumun prezidenti dopinqin nəticələrini saxtalaşdırmaq üçün idmançılardan pul tələb edir. Bu, dəhşətdir”.

Xatırladaq ki, İAAF-da dopinq qalmaqalı 2014-cü ilin dekabr ayında yaranıb. Belə ki, dopinqlə bağlı məxfi sənədlər ortaya çıxıb. İddialara görə, rusiyalı atletlər məşqçilərinin göstərişi ilə müntəzəm olaraq qadağan olunmuş preparatlardan istifadə ediblər. Bunların nəticəsi olaraq ötən il Rusiya Yüngül Atletika Federasiyasının (RYAF) prezidenti Valentin Balaxniçev vəzifəsindən istefa verib.

Daha sonra Lamin Diak və onun hüquqşünas dostu Habib Sisse koorupsiya əməllərinə görə həbs ediliblər. Prokurorluq onların hər ikisini RYAF-dan 1 milyon avro rüşvət almaqda ittiham edib.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları bu ilin 5-21 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Bu, Cənubi Amerikada təşkil edilən ilk Olimpiya Oyunları kimi tarixə düşəcək.