Cənubi Koreya idmançıları iddialıdırlar

Cənubi Koreya idmançıları iddialıdırlar
Cənubi koreyalı atletlər Rio-2016 Yay Olimpiya Oyunlarına böyük əzmlə hazırlaşırlar. Olimpnews.az saytının məlumatına görə, Koreyanın Milli Treninq Mərkəzinin rəhbəri Conq-sam Çoi komandanın hazırlığı barədə ətraflı məlumat verərək deyib: "Yarışlarda iştirak edəcək hər bir atletin yüksək peşəkarlıqla hazırlanması üçün hər cür şərait yaradılıb”.

İdmançılar medal cədvəlində Cənubi Koreya Respublikasının adını ilk onluğa salmağa iddialıdırlar. Hollandiyalı mütəxəssislərin rəyinə görə, koreyalı atletlər Rio Yay Olimpiya Oyunlarında 12 qızıl medal qazana bilərlər. Xatırladaq ki, Cənubi Koreya idmançıları hər zaman kamandan oxatmada böyük uğura imza atıblar. 1972-ci ildən indiyədək koreyalı kamandan oxatanlar bu idman növündə 19 qızıl medal qazanıblar. Ən böyük uğur isə London-2012 Olimpiya Oyunlarında qeydə alınıb. Milli Kamandan Oxatma Federasiyasının rəhbəri Moon Hyunq-çhul koreyalı idmançıların bu idman növü üzrə yenə qızıl medala sahib olacaqlarını əminliklə qeyd edib: "Biz əvvəlki Olimpiya Oyunlarında olan bəzi çatışmazlıqları və uğursuzluqları aradan qaldırmağa çalışırıq. London-2012 Olimpiya Oyunlarında yerli iqlim və digər səbəblər idmançılarımızın daha yüksək nəticə əldə etməsinə mənfi təsir göstərdi. Lakin biz çox iddialıyıq və ən azı sonuncu uğurumuzu bir daha təkrarlayacağımıza inanırıq”.

Koreyalı atlet Lee Dae-hoon taekvando üzrə qızıl medal qazanacağına əmindir. Xarici və beynəlxalq ekspertlər, eləcə də Beynəlxalq Taekvando Federasiyası onun bacarıq və qabiliyyətini nəzərə alaraq Rio Oyunlarında qızıl medala potensial namizəd olacağını bildiriblər. İyirmi üç yaşı olmasına baxmayaraq, 58 kiloqram çəki dərəcəsində yarışacaq idmançı rəqiblərini asanlıqla məğlub edəcəyinə inanır. London Olimpiya Oyunlarında gümüş medal qazanmasını şərh edən taekvondoçu deyib: "Mən bu nəticəyə heç də təəssüflənmirəm. Londonda özümü tam göstərə bilmədim. Əslində, bu medal məni daha da ruhlandırdı. Rio Olimpiadasında mümkün olan ən yüksək səviyyəni göstərməyə çalışacağam”.

Koreyalı idmançılar London Olimpiya Oyunlarında qılıncoynatmada möhtəşəm və inanılmaz bacarıq nümayiş etdirməklə, hər kəsi təəccübləndirmişdilər. Bu idman növündə iki qızıl, bir gümüş və üç bürünc medal qazanan koreyalı qılıncoynadanlar adlarını tarixə yazdırmışdılar.

Qılıncoynadan gənc xanım Kim Ji-yeon London uğurunu bir daha təkrarlayacağını və dünyanın diqqətini yenidən özünə yönəldəcəyini qürurla vurğulayıblar: "Mən rəqiblərimin çıxışlarını dəfələrlə izləyir və onların atdıqları hər bir addımı öyrənirəm. Bu, mənim daha yüksək nəticə göstərməyimə yardımçı olacaq”, - deyə o bildirib.

Ki Yiyenonun komanda yoldaşı Qu Bon-gil özünün texnikası sayəsində dünya ekspertlərinin onun barəsində müsbət rəy söyləməsinə nail ola bilib.

Koreyalı idmançılar cüdo növündə də olduqca uğurlu çıxış edirlər. Beynəlxalq Cüdo Federasiyasının dəyərləndirməsinə əsasən, Gvak-Donq-han 90 kiloqram çəki dərəcəsində Olimpiya çempionluğuna real namizəddir Cüdoçunun sözlərinə görə, o, özünü beynəlxalq arenada hələ tam göstərə bilməyib. "Uğurumu bir daha təkrarlamaq üçün əlimdən gələni edəcəyəm. Rio Olimpiya Oyunları ilə idman karyerama son qoyacağam”, - deyə Gvak-Donq-han bildirib.