Azərbaycan idmançıları Olimpiya oyunlarında

Azərbaycan idmançıları Olimpiya oyunlarında

Əvvəli: http://olimpnews.az/8171/get+Az%C9%99rbaycan+idman%C3%A7%C4%B1lar%C4%B1+Olimpiya+oyunlar%C4%B1nda#.V3u1tNR974Y

Qədim idman ənənələrinə malik olan Azərbaycan Olimpiya Oyunlarında 1952-ci ildən iştirak edir. İdmançılarımız Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Azərbaycan 1996-cı ildən etibarən Olimpiya oyunlarında müstəqil ölkə kimi təmsil olunur. Təmsilçilərimiz indiyə qədər 5 yay (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) və 5 qış (Naqano-1998, Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014) Olimpiya Oyunlarında iştirak ediblər.

XXIX Yay Olimpiya Oyunları, Pekin - 2008

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi.

Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü.

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn Elnur Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə ən güclü oldu. Gümüş medalları yunan-Roma güləşində əldə etdik. Finala qədər heç bir idmançıya aman verməyən Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.

Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) yarımfinalda Rusiya atletlə qarşılaşdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlliverici yarışlarda qüvvəsini sınaması ilə nəticələndi. Medal uğrunda yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə çıxmağa peşman etdi. Boksçumuz Şahin İmranov (57 kq) da medal qazanan idmançıların siyahısına düşə bildi. Yarımfinala qədər irəliləyən boksçumuz bu mərhələdə döyüşü yarımçıq saxlamalı oldu. Zədələndiyi üçün döyüşə bilməyən təmsilçimiz bürünc medalla kifayətləndi. 1/2 finalda uduzan Mövlud Mirəliyev (100 kq) cüdo yarışında bürünc medal uğrunda polşalı idmançını mübarizədən kənarlaşdırdı.
Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.


XXX Yay Olimpiya Oyunları, London - 2012

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılıb. Bu ölkələrdən 54-ü çempionluq zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutub.

Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.
Azərbaycan Respublikasının dövlət bayrağını London-2012 Yay Olimpiya Oyunlarında Pekin-2008 Olimpiadasının çempionu Elnur Məmmədli aparırdı. Azərbaycanın Olimpiya yığmasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağırlıqqaldırma üzrə yarışlarda 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov qazandırıb. 286 kq nəticə göstərən idmançımız bürünc medala sahib çıxıb.

London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) qoruyurdular.
Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış alan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.

Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı. Boks üzrə Teymur Məmmədov və Məmmədrəsul Məcidov da bürünc medal əldə etdilər.
Bununla da ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumitlikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurdular.
2016-cı Yay Olimpiya Oyunları XXXI dəfə dünyanın sülh elçilərini Olimpiya bayrağı altında toplayacaq. Planetin 205 ölkəsinin 12 min 500 yaxın idmançısı 17 gün ərzində Braziliyanın Rio-de-Janeyro şəhərinin stadionlarında ən güclünü müəyyən edəcək.

Dilqəm Quliyev,
professor