IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Bakı-2017-nin rəsmi talismanlarını ictimaiyyətə təqdim edib.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycanın milli sərvəti, gözəlliyi ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olacaq. İncəliyi və cəsurluğu özündə əks etdirən Qarabağ atları Oyunların təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, Bakı-2017-nin simaları olacaqlar.
"İncə” zəriflik və gözəllik nümunəsi olmaqla yanaşı, incəliyi, məlahəti ilə diqqəti cəlb edir, özündə milliliyi və müasirliyi qovuşdurur.
Məharətli, mərd və məqsədyönlü "Cəsur” digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan "Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.
Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olan "İncə” və "Cəsur” Oyunlardan əvvəl və yarışlar zamanı vətəndaşlarımızı Oyunların bir parçası olmağa ruhlandıracaq, ölkəmizin bütün ərazisində əsl idman bayramı əhvali-ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, hazırda talismanların illüstrasiyası yaradılıb. "İncə” və "Cəsur” tezliklə animasiyalı, eləcə də, real görünüşdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.