San-Marinoda I Avropa Oyunları ilə bağlı təqdimat keçirilib

San-Marinoda I Avropa Oyunları ilə bağlı təqdimat keçirilib


San-Marinoda Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib. Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) olimpnews.az-a daxil olan məlumata görə tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya Komitəsinin numayəndə heyətləri çıxış ediblər. Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edib.
K.Nurullayeva seminarda "Bakı 2015” layihəsi haqqında geniş məlumat verib və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb. Könül xanım ev sahibliyi ilə əlaqədar Avropa Oyunlarına iki il vaxt qaldığından ölkədə əsas diqqətin idman və qeyri-idman obyektlərinin tam hazır olunmasına yönəldildiyini bildirib.



Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında ötən ayın sonunda komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verib. Hesabatda Əlaqələndirmə Komissiyasının görüşünün yüksək səviyyədə təşkil edilməsi, iclaslarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı və nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşlər barəsində ətraflı məruzə edilib.